Azərbaycan-Macarıstan parlamentlərarası dostluq qrupunun rəhbəri, Sosial Rifah Partiyasının sədri, professor Xanhüseyn Kazımlı Macarıstanda həbs edilən azərbaycanlı zabit Ramil Səfərovla görüşəcək. Bu barədə Trend ə Xanhüseyn Kazımlının özü bildirib.
Millət vəkili bildirib ki, aprelin 9-da Macarıstanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün Budapeştə getməliydi. Ancaq səfər müəyyən səbəblər üzündən həmin tarixdə baş tutmayacaq: "Mən aprelin 22-də Budapeştə gedib, seçkilərin ikinci mərhələsini müşahidə edəcəm". X.Kazımlı onu da vurğulayıb ki, Macarıstana müşahidəçi kimi getsə də, əsas məqsədi erməni zabitini qətlə yetirdiyi üçün həbs edilən azərbaycanlı zabit Ramil Səfərovla görüşməkdir: "Bilirsiniz ki, aprelin 13-də onun son məhkəməsi keçiriləcək. Azərbaycanın Macarıstandakı səfiri, attaşesi ilə bu barədə danışıqlarım olub. Məqsədim bu səfərimdən istifadə edib onunla görüşmək, səfirliyimizdə olub Macarıstan qanunlarına uyğun olaraq Ramil Səfərova necə və hansı mərhələdə köməklik etmək barədə məsləhətləşmələr aparmaqdır".
Millət vəkili onu da bildirib ki, səfərə təşəbbüs özündən gəlib. X.Kazımlı seçkiləri müşahidə etdikdən sonra vaxt tapıb Macarıstanın bəzi dövlət və qeyri-dövlət rəsmiləri ilə də görüşlər keçirməyi planlaşdırdığını da vurğulayıb.