"Yeni Siyasət" bloku 13 mayda keçiriləcək təkrar parlament seçkilərinin müşahidəsini aparmayacaq. Bu barədə Trend ə blokun həmtəsisçisi Eldar Namazov məlumat verib. O, bildirib ki, "Yeni Siyasət" bloku üzvlərindən yalnız Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) təkrar seçkilərdə iştirak edir. "Yeni Siyasət" ayrıca olaraq seçkilərin müşahidəsini aparmayacaq, lakin blokun bəzi üzvləri "Azad və ədalətli seçkilər uğrunda" Əlaqələndirici Məşvərət Şurasında təmsil olunur və bu qurumun xətti ilə seçkidə müşahidə aparacaqlar.
Eldar Namazovun sözlərinə görə, ötən il parlament seçkilərində olduğu kimi, bu ilki seçkilərdə də "Yeni Siyasət" bloku ATƏT-in, Avropa Şurasının və yerli "Azad və ədalətli seçkilər uğrunda" Əlaqələndirici Məşvərət Şurasının seçkinin nəticələrinə dair verəcəyi rəylər əsasında öz mövqeyini müəyyən edəcək. "Biz hesab edirik ki, seçkilərdə geniş və effektli monitorinq aparmaq lazımdır. Ötən il Avropa Şurası ilə ATƏT-in birgə monitorinqinin nəticələrini, həmçinin yerli koalisiyanın verdiyi rəyləri əsas götürmüşdük. Bu qurumların rəyləri arasında adətən ciddi fərqlər olmur. Ona görə də "Azad və ədaltəli seçkilər uğrunda" Koalisiyanın müşahidə işlərinə dəstək verəcək və sonda onun rəyləri əsasında seçkinin nəticələrinə dair öz mövqeyimizi müəyyənləşdirəcəyik"-deyə Eldar Namazov bildirib.