"Siyasi partiyaların bloklarda birləşməsini, bir vahid qurum daxilində fəaliyyət göstərməsini məqsədəuyğun hesab etmirəm". Bu fikirləri Trend ə açıqlamasında Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Qəzənfəroğlu bildirib.
Onun fikrincə, siyasi partiyalar blok şəklində deyil, müstəqil fəaliyyət göstərib öz siyasi kurslarını cəmiyyətə təqdim etməlidirlər. Buna görə də partiyalar daha çox özlərinin təbliği ilə məşğul olmalıdırlar: "Əgər partiyalar fərdi şəkildə zəifdirlərsə və bloklarda birləşib güclənmək istəyirlərsə, onda hamısının birləşib bir partiya yaratması daha doğru olardı. Biz Böyük Quruluş Partiyası olaraq hansısa bloklara, birliklərə qoşulmağı məqsədəuyğun saymırıq".
Fazil Qəzənfəroğlu deyib ki, heç bir siyasi blokda təmsil olunmaması BQP-nin taktiki kursudur. Bu partiya yalnız seçkidə əməkdaşlıqla bağlı blok yaradılmasına normal yanaşır, qalan hallarda isə bu tipli birliklərin fəaliyyətini əhəmiyyətli hesab etmir. "Təkrar parlament seçkiləri ilə bağlı hansısa blok yaranmadı. Amma Böyük Quruluş Partiyası bu seçkidə bəzi partiyaların namizədlərinə dəstək vermək qərarına gəlib. Biz hələlik Ədalət Partiyasının sədri İlyas İsmayılovun və Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının funksioneri Fikrət Cəfərovun namizədini dəstəkləyirik"-deyə F.Qəzənfəroğlu bildirib.