Aprelin 25-də Azərbaycan prezidenti İlham Əliyev rəsmi səfərlə Vaşinqtona yola düşüb. Bu barədə Trend ə Azərbaycan prezidenti icra aparatının mətbuat xidmətindən məlumat verilib.
Səfərin rəsmi proqramı çərşənbə günü Vaşinqtonda ABŞ-ın xarici əlaqələr Şurasında danışıqlardan başlayacaq.
Aprelin 27-də dövlət başçısı biznes və investisiyalara dair "ABŞ və Azərbaycan arasında strateji əlaqələr: siyasi və ticari prioritetlər" adlı 6-cı konfransda iştirak edəcək. Konfrans Amerika-Azərbaycan Ticarət Palatasının birgə səyləri ilə təşkil olunub.
Aprelin 28-də prezident İ.Əliyev Ağ Evdə ABŞ prezidenti Corc Buşla görüşəcək. Vitse-prezident Dik Çeyni və müdafiə naziri Donald Ramsfeldlə danışıqlar aparılacaq.
Səfər çərçivəsində hər iki ölkənin siyasi və iqtisadi əməkdaşlıq sahələrini əhatə edən bir sıra sənədlərin imzalanacağı istisna olunmur.