"Yeni Siyasət" Siyasi Bloku ictimai-siyasi təşkilat olacaq. Bu fikirləri Trend ə açıqlamasında "Yeni Siyasət" blokunun həmtəsisçisi Eldar Namazov söyləyib.
Qeyd edək ki, "Yeni Siyasət" Seçki Bloku buraxılıb və onun bazasında siyasi blok yaradılması haqqında qərar qəbul olunub. Bundan sonra blokun Koordinasiya Şurası da ləğv edilib. Eldar Namazov bildirib ki, Koordinasiya Şurasının yerində işçi qrupu yaradılıb və ona siyasi bloka transformasiya ilə bağlı bütün işlərin həyata keçirilməsi tapşırılıb.
E.Namazov digər siyasi blok və birliklərdən fərqli olaraq "Yeni Siyasət"in tərkibinə, ideya və məqsədlərinə görə digərlərindən fərqləndiyini deyib: "Parlament seçkilərindən bir neçə ay əvvəl yaranan "Yeni Siyasət" blokunun əsas ideyası təcrübəyə, demokratik seçkilərə və milli birliyə nail olmaq idi. Təcrübə baxımından yanaşsaq, bu blokda sabiq dövlət xadimləri,ölkənin keçmiş prezidenti, spikeri, baş naziri, bir sıra dövlət strtukrularının rəhbərləri təmsil olunurdu. Milli birlik ideyası isə onunla ifadə olunurdu ki, bu blokda Azərbaycanda müstəqillik dövründə hakimiyyətdə olmuş dörd hökumətin nümayəndələri birləşdi - Ayaz Müttəlibov, Yaqub Məmmədov, Xalq Cəbhəsi və Heydər Əliyev hakimiyyətinin nümayəndələri. Blok həmçinin Azərbaycanın bütün iri bölgələrini əhatə edirdi. Amma parlament seçkilərində blokun öz potensialını tam nümayiş etdirə bilməməsi obyektiv və subyektilv səbəblərlə bağlı oldu".
E.Namazovun sözlərinə görə, obyektiv səbəblər blokun bir neçə ay ərzində sıfırdan başlayaraq maddi və təşkilati imkanlarldan istifadə edərək ölkənin hər yerində effektv kampaniya qurmasının mümkün olmaması idi. E.Namazova görə, subyektiv səbəb isə blokda idarəetmə sisteminin qeyri-effektivliyi və həddindən artıq geniş olması, blok üzvlərinin isə öz işini komanda prinsipi əsasında qurmaması ilə bağlıdır: "Bütün bu çatışmazlıqlara baxmayaraq "Yeni Siyasət" bloku parlament seçkilərində iki mandat qazandı, blokun digər üzvləri də müxtəlif dairələrdə yüksək nəticələr göstərdi. Reallıqları nəzərə alsaq, "Yeni Siyasət" ən azı 10 deputat mandatı qazanmalı idi. Bu göstəriləri, əldə etdiyi nəticələri bir çox siyasi qüvvələr, uzun illər siyasi arenada aparıcı qüvvə sayılanlar göstərə bilmədilər"-deyə E.Namazov vurğulayıb. Onun sözlərinə görə, siyasi proseslərin aktuallığını nəzərə alaraq qurum bundan sonra ictimai-siyasi blok şəklində fəaliyyət göstərəcək. Blokun strukturu, siyasi strategiyası, fəaliyyət istiqamətləri, idarəetmə fopmaları və digər məsələlər işçi qrupu tərəfindən hazırlanır.