...

Ekologiya Nazirliyi: Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən törədilmiş yanğınlar nəticəsində dəyən ziyan $4,5 mln.-u üstələyir

Siyasət Materials 28 İyun 2006 15:32 (UTC +04:00)
Ekologiya Nazirliyi: Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən törədilmiş yanğınlar nəticəsində dəyən ziyan $4,5 mln.-u üstələyir

Son günlər erməni işğalçıları tərəfindən təmas xəttində yerləşən Ağdam, Füzuli, Cəbrayıl, Tərtər və Xocavənd rayonlarının əraziləri düşünülmüş şəkildə od vurularaq yandırılır. Yanğınlar ermənilərin nəzarətində olan min hektarlarla əraziləri əhatə etməklə bərabər, eyni zamanda, Azərbaycanın nəzarəti altında olan ərazilərə də yayılaraq ətraf mühitə və canlı təbiətə çox ciddi ziyan vurur.

Trend Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, 10 gündən çox müddətdə davam edən yanğınlar nəticəsində Ağdam rayonunun işğal altında olan Yusifcanlı, Novruzlu, Bağbanlı, Saybalı, Sarıcalı və Baş Qərvənd kəndləri tamamilə yandırılıb. Alov rayonun Şıxbabalı, Mərzili, Xıdırlı və Göytəpə kəndlərinin ərazilərinə də keçərək otlaq və biçənəkləri məhv edib.

Mərzili, Novruzlu və Yusifcanlı kəndlərinin ərazilərində erməni hərbçiləri tərəfindən təxminən 4 min hektar, Əfətəli, Qaradağlı və Mahrızlı kəndləri ərazisində uzunluğu təxminən 1500 hektar, Zəngişalı, Çəmənli və Sarıcalı zonasından Qaradağlı və Kəngərli zonasına doğru uzunluğu təxminən 480 hektar, Sarıcalı, Əhmədağalı və Çiraqlı kəndlərindən Göytəpə, Cülçülük və Qərvənd kəndi ərazisinə doğru uzunluğu 350 hektar ərazi yandırılıb. Ümumilikdə 31 kilometirlik təmas xəttində təxminən 6330 hektar təbii otlaq sahəsi erməni işğalçıları tərəfindən məhv edilmiş, nəticədə flora və faunaya ciddi ziyan vurulub. Dəymiş ziyanın miqdarı mütəxəssislər tərəfindən hesablanmış və 751584 AZY dəyərində müəyyən edilib.

Ağdam rayonunun Novruzlu kəndində 21, Bağbanlıda 19, Sarıcalıda 33, Sıraclıda 28 və Baş Qərvənddə 22 ev tamamilə yandırılıb. Bundan əlavə, 8 qəbiristanlıq, 145 bağ və otlaq sahəsi yandırılaraq məhv edilib.

Füzuli rayonunun işğal altında olan Füzuli şəhəri və Horadiz, Yağləvənd, Gövşatlı və Dədəli kəndlərinin ərazilərində güclü yanğınlar baş verdiyi müəyyən edilib. Erməni işğalçıları yandırıcı silahlarla rayonun Əbdürrəhmanlı kəndi ərazisində taxıl sahələrini məhv edib. Rayonun işğal altında olan Əbdürrəhmanlı, Qaraxanbəyli, Qaraməmmədli, Qərvənd, Aşağı Seyidəhmədli, Yuxarı Seyidəhmədli kəndlərinin ərazilərinin də yandırıldığı müşahidə edilib. Eyni hadisəyə Cəbrayıl rayonunun Mehdili, Maralyan və Çocuq Mərcanlı kəndlərinin ərazilərində də rast gəlinib. Mütəxəssislərin rəyinə görə, Füzuli və Cəbrayıl rayonlarının ərazilərində erməni işğalçıları tərəfindən törədilmiş yanğınlar nəticəsində 10 min hektardan çox otlaq sahələri və 100 hektardan çox yaşıllıqlar (ağaclıqlar və kol-koslar) yandırılaraq ətraf mühitə və canlı təbiətə 1 275381 AZY dəyərində ziyan dəyib. Analoji vəziyyət Tərtər rayonunun ərazisində də müşahidə olunub.

"Erməni işğalçıları tərəfindən ətraf mühitə dağıdıcı təsir davam etdiyindən, təbiətə vurulan maddi ziyanın hesablanması başa çatdırılmamışdır. Lakin təxmini hesablamalar ziyanın məbləğinin 4 084 026 AZY-dan (4,5 milyon ABŞ dolları) çox olduğunu göstərilir" - deyə Ekologiya Nazirliyinin məlumatında deyilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi son olaylarla əlaqədar ətraf mühitə dəyən ziyanla bağlı beynəlxalq təşkilatlara müraciətlər hazırlayır.

Xəbər lenti

Xəbər lenti