İyulun 17-də Bakıda Azərbaycan və Perunun Xarici İşlər Nazirlikləri arasında əməkdaşlıq haqqında protokol imzalanıb. Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycan XİN-in mətbuat mərkəzinin məlumatında deyilir.
Sənədi Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov və Perunun ölkəmizdə akkreditasiyadan keçmiş səfiri Umberto Umeres imzalayıb. Nazir Azərbaycanın Latın Amerikası ölkələri, o cümlədən Peru ilə əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib. Tərəflər BMT çərçivəsində əməkdaşlığın genişləndirilməsi yollarına, bu təşkilat çərçivəsində islahatların aparılması və onun səmərəliliyinin artırılmasına dair fikir mübadiləsi aparıb. Dağlıq Qarabağ münaqişəsinə toxunan E.Məmmədyarov BMT Təhlükəsizlik Şurasının üzvü kimi Perunun bu məsələdə mövqeyini çox mühüm adlandırıb.
U.Umeres ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü, bu problemin beynəlxalq hüquq norma və prinsipləri əsasında həllini dəstəklədiyini vurğulayıb.
Tərəflər siyasi, iqtisadi, elm, təhsil və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişafı məsələlərini də müzakirə edib.