...

Nazim İbrahimov: "Livanda və İsraildə yaşayan azərbaycanlıların kütləvi şəkildə köçüb Azərbaycana gəlməsi gözlənilmir"

Siyasət Materials 19 İyul 2006 16:32 (UTC +04:00)
Nazim İbrahimov: "Livanda və İsraildə yaşayan azərbaycanlıların kütləvi şəkildə köçüb Azərbaycana gəlməsi gözlənilmir"

"Biz İsrail -Livan arasında olan münaqişəyə müdaxilə etmirik və bu ölkələrdə yaşayan azərbaycanlıların köçüb Azərbaycana gələcəyini də düşünmürəm". Bu fikirləri Trend ə açıqlamasında Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib.

N.İbrahimov qeyd edib ki, Livanda çox az sayda azərbaycanlı yaşyır. Onların da əksəriyyəti livanlılarla ailə qurmuş azərbaycanlı qadınlardır: "Livanda Azərbaycan diaspor təşkilatı yoxdur. Çünki orada yaşayan azsaylı azərbaycanlıların ictimai-siyasi fəallığı olmadığından bu ölkədə təşkilatlanma da getməyib. Buna görə də biz Livanla əlaqəli iş qurmamışıq".

İsrailə gəldikdə isə Komitə sədri qeyd edib ki, bu ölkədə 100 minə yaxın Azərbaycandan köçüb getmiş yəhudilər var. Onlar özlərini Azərbaycan disaporu hesab edirlər: "Dövlət Komitəsinin Azərbaycan əsilli yəhudilərlə çox yaxşı münasibətləri, əməkdaşlığı var. Xayfa şəhərində İsrail-Azərbaycan Dostluq cəmiyyəti fəaliyyət göstərir və ətrafında çoxlu sayda azərbaycanlı və bakılı yəhudiləri birləşdirir. Azərbaycandan köçüb getmiş yəhudilərin Azərbaycan-İsrail münasibətlərinin inkişafında, həmçinin dünya ölkələrində diasporumuzun təşkilatlanmasında öz rolu var. Elə biz də Azərbaycan əsilli, Azərbaycanı sevən və ölkəmiz üçün işlər görən yəhudiləri öz diasporumuz hesab edirik".

N.İbrahimov deyib ki, İsrail-Livan münaqişəsi zəminində baş verən və gələcəkdə baş verə biləcək hadisələrə Dövlət Komitəsi müdaxilə etməyəcək. Onun sözlərinə görə, həm Livandan, həm də İsraildən soydaşlarmızın köçüb Azərbaycana gəlmək istəmələri barədə hər hansı məlumata malik deyil. N.İbrahimov deyib ki, Livanla müqayisədə İsraildə daha çox sayda olan azərbaycanlıların kütləvi şəkildə bizim ölkəyə gəlməsi gözlənilmir: "Çünki əvvəla, onlar İsrail dövlətinin vətəndaşlarıdır. Orada hərbi mükəlləfiyyətləri olanlar, dövlət qulluğunda çalışanlar var. İsrail vətəndaşlığı olmayan və tamam başqa səbəblərdən orada müvəqqəti yaşayanların isə Azərbaycana gəlməsi mümkündür. Mən hesab edirəm ki, İsraillə Livan özləri problemlərini öz aralarında çözəcəklər, başqa dövlətlərin müdaxiləsini düzgün saymıram".

Xəbər lenti

Xəbər lenti