...

Azərbaycan Səhiyyə Nazirliyi özəl tibb müəssisələrinə baxış keçirəcək

Siyasət Materials 24 İyul 2006 14:43 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi özəl tibb müəssisələrinə baxış keçirəcək

Bu yaxınlarda Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev özəl tibb müəssisələrinin rəhbərləri ilə görüş keçirib. Görüşdə yoxlamalar zamanı ortaya çıxan qüsurlar və onların aradan qaldırılma yolları müzakirə edilib. Bu barədə Trend nazirliyin mətbuat xidmətinə istinadən xəbər verib.

"Tibbi qurumun dövlət və ya özəl olmasından asılı olmayaraq, o, müəyyən qaydalara uyğun fəaliyyət göstərməlidir. Çünki bu sahə bilavasitə insan həyatının ən çox asılı olduğu sahədir", - deyə nazir qeyd edib.

O.Şirəliyev qeyd edib ki, Ginekologiya ETİ və digər təşkilatlardakı laborator müayinələri qənaətbəxş hesab etmək olar.

"Əlbəttə, dövlət tibb müəssisələrində hər şey yüksək səviyyədə deyil. Lakin tam nəticələrin əldə olunmasında və əhaliyə müayinələr üzrə düzgün cavab verilməsi üzrə iş bizi qane edir. Nazirliyə daxil olan şikayətlərdən biri hemofiliyalı uşağa "tam normaldır" diaqnozunun qoyulması və nəticədə əməliyyat zamanı uşağın dünyasını dəyişmək təhlükəsi altında qalması olub. Bəzi hallarda isə özəl tibb müəssisəsində qoyulan diaqnoz xaricə göndərilir və tamamilə əks cavab alınır", - deyə O.Şirəliyev bildirib.

Nazir həmçinin dövlət müəssisələrində çalışan və özəl tibb müəssisələri ilə əməkdaşlıq edən həkimlər haqqında da danışıb və qeyd edib ki, bu həkimlər artıq aşkar olunub və cəzalandırılıb. Dövlət və özəl tibb müəssisələrinin neqativ birgə fəaliyyətini diqqətə alaraq, nazir dövlət tibb müəssisələrindən özəl tibb müəssisələrinə laborator müayinələrinin göndərilməsinə qadağa qoyub.

O, özəl tibb müəssisələrinin çoxunun təsisçilərinin həkim olmadığını və bu səbəbdən də işin pərakəndə şəkildə getdiyini vurğulayıb. "Bu gün bu tibb müəssisələrində 5 mindən artıq şəxs çalışır. Bu qurumlar özü həkim olan şəxs tərəfindən idarə olunmalıdır. Unutmaq lazım deyil ki, hər bir sahədə olduğu kimi, səhiyyənin də öz qanun və qaydaları var", - deyə nazir bildirib.

Görüşdə Funda özəl tibb mərkəzinin başçısı qeyd edib ki, o, klinikasında aşkar edilmiş qüsurlarla razıdır və bir ay ərzində onları aradan qaldırmağı öz öhdəsinə götürüb. Nazir qeyd edib ki, qüsurlar aşkar olunarsa, özəl klinikalar cəzalandırılacaq.

"Qısa vaxt ərzində şəxsən özüm özəl tibb müəssisələrinə baxış keçirəcəyəm", - deyə nazir vurğulayıb.

Xəbər lenti

Xəbər lenti