Trend in Sloveniyanın xarici işlər naziri Dmitri Rupellə eksklüziv müsahibəsi
- Siz Sloveniya və Azərbaycan arasında əlaqələrin mövcud səviyyəsini necə qiymətləndirirsiniz? Fikrinizcə, hər iki ölkə arasında əməkdaşlığın nə kimi yeni perspektivləri var?
- Ölkələrimiz arasında əlaqələr çox yaxşı səviyyədədir. Bununla belə, hesab edirik ki, əməkdaşlığımızı və dialoqu bundan sonra da möhkəmləndirmək və inkişaf etdirmək üçün imkanlar var.
2005-ci ildə, yəni Sloveniyanın ATƏT-də sədrliyi dövründə siyasi əlaqələr yüksək səviyyədə intensivləşdirilib. Mən fəaliyyətdə olan sədr kimi Azərbaycana iki dəfə səfər etmişəm və ölkə nümayəndələri ilə konstruktiv müzakirələr aparmışam. Ötən ilin dekabrında ATƏT-in Nazirlər Şurasının iclası çərçivəsində Lyublyanada Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovla da görüşmüşəm. Təəssüf ki, bu səfərlər zamanı ikitərəfli və praktiki əməkdaşlıq məsələlərini müzakirə etmək üçün bizim kifayət qədər vaxtımız olmadı.
Sonuncu səfərim zamanı məni sloveniyalı sahibkarlar müşayiət edib. Azərbaycanlı həmkarlarla ikitərəfli görüşlər və biznes-forum mövcud əməkdaşlığın genişləndirilməsi və yeni əlaqələrin qurulmasına şərait yaradıb. Mən ümid edirəm ki, konkret layihələr və işgüzar imkanlar bunların nəticəci olacaq. Biz gələcəkdə işgüzar sahədə, xüsusilə inşaat sənayesində əməkdaşlıq üçün çoxlu müxtəlif sahələr görürük.
- Azərbaycan prezidenti İlham Əliyevin avqustda Sloveniyaya planlaşdırılan səfəri zamanı hansı əsas məsələlər müzakirə olunacaq?
- Azərbaycan prezidenti İlham Əliyevin Sloveniyaya planlaşdırılan rəsmi səfəri gələcəkdə hər iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıqda siyasi dialoqun inkişaf etdirilməsi üçün gözəl fürsət olacaq. Bu səfər, həmçinin, əməkdaşlığın bütün sahələrini nəzərdən keçirməyə və bunlardan hansıların ölkələrimiz üçün xüsusilə vacib olduğunu müəyyən etməyə imkan verəcək. Bundan başqa, bizim mövcud geniş spektrli beynəlxalq məsələlərə və dünyada təhlükəsizlik problemlərinə dair fikir mübadiləsi aparacağımız da gözlənilir.
Gələcəkdə ikitərəfl əlaqələrimiz haqqında aydın təsəvvür hazırlayarkən biz II Dünya müharibəsində Sloveniya əsgərləri ilə birgə faşizmlə mübarizə aparmış Azərbaycanın Milli qəhrəmanı Mehdi Hüseynzadənin həyatı və həlak olması ilə daha parlaq şəkildə təcəssüm edilən tarixi əlaqələrimizə də toxuna bilərik. Mehdi Hüseynzadə ölümcül yaralanıb və Sloveniya torpağında, Nova Qoritsa şəhəri yaxınlığındakı Vitovle adlı kiçik kənddə dəfn edilib. Belə şəxsiyyətlər tərəfindən yaradılmış tarixi əlaqələr gələcəkdə Sloveniya və Azərbaycan arasında gözəl münasibətlərin inkişaf etdirilməsi üçün möhkəm əsas yarada bilər.
Bildiyiniz kimi, prezident İlham Əliyev Sloveniyanın avqustun 27-28-də təşkil edəcəyi "Caspian Outlook 2008" konfransında iştirak edəcək. Bu konfrans Bled Strategic Forum çərçivəsində tədbirlər seriyasından birincisi olacaq. Forumun keçirilməsində məqsəd XXI əsrdə Avropanın üzləşəcəyi əsas regional və tematik məsələlərə dair yüksək səviyyədə strateji dialoq üçün əlverişli şərait yaratmaqdır. Forum Avropanın öz təsirindən daha yaxşı faydalana bilməsi məqsədilə işlənib hazırlanmış yeni strategiyaların həyata keçirilməsi üçün siyasi impulsun yaradılmasına və siyasi səylərin göstərilməsinə yönəldilib. Eyni zamanda forum qarşıda duran məsələlərin həllinə ümumi inteqrasiya yanaşmasının inkişafı və yeni problemlərlə effektiv mübarizə məqsədilə özəl və dövlət sektoru arasında əməkdaşlıq üçün platforma təklif edir.
Artıq yuxarıda xatırlatdığım kimi, beynəlxalq görüşlər seriyasında "Caspian Outlook 2008" adlı beynəlxalq konfrans keçiriləcək. Konfransın keçirilməsində məqsəd Xəzər regionunun iqtisadi, siyasi və strateji perspektivləri baxımından Avropa Birliyi üçün geosiyasi əhəmiyyətinin müzakirəsindən ibarətdir. Konfransa aparıcı beynəlxalq ekspertlər, siyasi liderlər, müvafiq beynəlxalq təşkilatların, Xəzər regionu, Avropa, ABŞ, Rusiya Federasiyasından özəl sektorun nümayəndələri və başqaları dəvət olunub. Görüş Sloveniyanın 2008-ci ilin 1-ci yarısında AB-də sədrliyə hazırlığına müəyyən töhfə verəcək. Bu sədrlik çərçivəsində enerji təhlükəsizliyi, Avropa Qonşuluq Siyasəti və genişləndirilmə məsələləri Sloveniyanın sədrliyinin prioriteti kimi müəyyən edilib.
Konfransda müzakirələr 4 mövzunu əhatə edən 4 hissəyə bölünəcək : - geosiyasət və Avropanın enerji təhlükəsizliyi: Xəzər hövzəsinin Avropa üçün əhəmiyyəti; Xəzər regionunda siyasi dinamika: bugünün problemləri və gələcək; Avropa Qonşuluq Siyasəti: onun son mərhələsinin müəyyən edilməsi; Xəzər hövzəsində iqtisadi istiqamətlər.
- Sloveniya Avropa Birliyi və NATO ilə əlaqələrin genişləndirilməsi məsələsində Azərbaycana nə kimi dəstək göstərə bilər?
- Bildiyimiz kimi, AB və NATO ilə əlaqələrin genişləndirilməsi Azərbaycanın strateji məqsədlərindən biridir. Sloveniya hər iki təşkilatın nisbətən yeni üzvü kimi öz təcrübəsinə səsaslanmış məsləhət təklif edə bilər. Ölkələrimiz arasında əlaqələrin intensivləşməsi Azərbaycanın AB və NATO ilə əlaqələrinin genişləndirilməsi ilə bağlı bütün məsələlərdə daha dərin məsləhətləşmələr üçün yaxşı imkanlar yarada bilər.
Biz, həmçinin, Azərbaycanda həyata keçirilən siyasi və iqtisadi islahatları alqışlayır və qeyd etmək istəyirik ki, artıq Sloveniya vətəndaş vəziyyəti aktlarının qeydiyyatı sahəsində öz təcrübə və köməyini təklif edib.
- Sloveniya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirmi və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı təşəbbüslə çıxış edə bilərmi?
- ATƏT-də sədrlik etdiyim dövr ərzində mən Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının axtarılması prosesinə ciddi şəkildə cəlb olunmuşdum. ATƏT-in fəaliyyətdə olan sədri kimi iki dəfə regionda olmuşam və tərəfləri münaqişənin mümkün həlli üçün razılığa gətirməyə çalışmışam. Sloveniya ATƏT "Üçlüyü"nün iştirakçısı kimi uzanmış münaqişənin həlli ilə məşğul olur və hələ də münasib həllə nail olmaqda tərəflərə əlindən gələn köməyi etməyə çalışır. Mən ATƏT-in Minsk Qrupu həmsədrlərinin və səfir Anjey Kaspşikin fəaliyyətini tam dəstəkləyirəm.
Ümid edirəm ki, razılıq əldə olunacaq və imkanlar pəncərəsi 2006-cı ildə heç olmasa kiçik irəliləyişə nail olunmadan bağlanmayacaq. Sloveniya həm də xalqın rifahı naminə irəliləyiş və çətinliklərin aradan qaldırılması məqsədilə obyektiv vasitəçi rolunu oynamağa hazırdır.
- Azərbaycan iqtisadiyyatının hansı sektorları sloveniyalı sərmayədarlar üçün cəlbedici ola bilər?
- 2006-cı ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 5 mln avro təşkil edib (təxminən 2,2 mln avro Sloveniyada ixracın, təxminən 2,8 mln avro isə idxalın payına düşür). Sloveniyadan Azərbaycana ixrac olunan malların əksəriyyəti əczaçılıq məhsullarıdır.
Şübhəsiz ki, hər iki ölkə arasında mal dövriyyəsinin həcmini artırmaq üçün yaxşı imkanlar var. Biz ümid edirik ki, Sloveniya şirkətləri bu imkanlardan istifadə edəcək və mal dövriyyəsinin, o cümlədən Azərbaycana sərmayə qoyuluşlarının həcmini artıracaq. İqtisadi əməkdaşlığa uğurlu yardım məqsədilə Azərbaycanda işgüzar imkanların və investisiya mühitinin təqdimatı üçün hər bir imkandan istifadə olunmalıdır.
Düşünürəm ki, işgüzar əməkdaşlıq inşaat sahəsində, həmçinin, kommersiya sektorunda da genişləndirilməlidir.
- Sloveniya Azərbaycanın enerji ehtiyatlarını almaqda maraqlıdırmı?
- Sloveniya Azərbaycanı əsas enerji istehsalçılarından biri və AB üçün Xəzər hövzəsi, o cümlədən Mərkəzi Asiyanın enerji ehtiyatlarının mühüm tranzit ölkəsi hesab edir. BTC neft kəmərinin inşasının başa çatması böyük həcmdə xam neftin AB sərhədlərinə nəqlini mümkün edib. Gündəliyə həm də Xəzər hövzəsindən təbii qazın AB ölkələrinə mümkün nəqli də daxil ediləcək.
AB üzvü olan Sloveniya qurum və Azərbaycan arasında enerji sahəsində (bu məsələ Avropa Şurasının Azərbaycan və AB arasında enerji sektorunda əlaqələrin möhkəmləndirilməsinin vacibliyini qeyd etmiş mart və iyun qərarlarında da vurğulanır) tərəfdaşlığın inkişafında maraqlıdır.