...

Azərbaycan İKT dövlətlərinin Livan və Fələstin üzrə bəyannamələrinə qoşulub

Siyasət Materials 3 Avqust 2006 19:10 (UTC +04:00)

Azərbaycan İslam Konfransı Təşkilatı (İKT) İcraiyyə Komitəsinin avqustun 3-də Malayziyada keçirilən növbədən kənar zirvə görüşündə Livan üzrə qəbul olunmuş bəyannaməyə qoşulub. Bu barədə Trend ə Malayziya XİN-dən bildiriblər.

18 ölkənin rəsmi nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə qəbul olunmuş bəyannamədə Livan hökuməti və xalqının İsrail zorakılığına qarşı göstərilən qanuni müqavimətdə dəstəkləndiyi bildirilib. Sənəddə "İsrailin Livana qarşı amansız zorakılığı, ərazi bütövlüyü və suverenliyinin pozulması" pislənib. Bu zorakılığın nəticələrinə görə məsuliyyət İsrail hökumətinin üzərinə qoyulub. Bəyannaməni imzalamış ölkələr BMT Təhlükəsizlik Şurasının atəşkəs rejiminin bərqərar olması istiqamətində lazımi tədbirlər görə bilməməsilə bağlı narahatlığını bildirir və Təhlükəsizlik Şurasını bütün dünyada sülh və təhlükəsizliyi təmin etmək kimi öhdəliklərini yerinə yetirməyə çağırır.

Bəyannamə "Sülh naminə birlik" şüarı altında Baş Assambleyanın çağırılması üçün İKT dövlətlərini digər BMT dövlətləri ilə birləşməyə çağırır.

Azərbaycanı bu tədbirdə baş nazir Artur Rəsizadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Azərbaycan həmçinin işğal olunmuş fələstin torpaqlarındakı vəziyyət haqqında müşavirədə qəbul olunmuş bəyannaməyə də qoşulub.

Xəbər lenti

Xəbər lenti