...

Bakının enerji təminatının yaxşılaşdırılması üçün təxminən 150 mln. ABŞ dolları tələb olunur

Siyasət Materials 14 Avqust 2006 13:34 (UTC +04:00)
Bakının enerji təminatının yaxşılaşdırılması üçün təxminən 150 mln. ABŞ dolları tələb olunur

"Bakıelektrikşəbəkə"nin inkişafı üçün sərmayələrin ilkin həcmi 150 mln. ABŞ dolları məbləğində qiymətləndirilir. Trend in xəbər verdiyi kimi, bu barədə iqtisadi inkişaf naziri Heydər Babayev brifinqdə bildirib. "Bakıelektrikşəbəkə" ASC-də onun iştirakı ilə görüş keçirilib və burada problemlər və onların artıq yaxın zamanlarda həlli yolları müzakirə edilib.

"İqtisadi İnkişaf Nazirliyi Bakı və Sumqayıt elektrik şəbəkələrinin səmərəli fəaliyyətini təmin etməyə və enerji təminatı ilə olan bütün problemləri həll etməyə çalışacaq. Əgər əlavə sərmayələrə ehtiyac duyulsa, o zaman dövlət yardım edə bilər", - deyə nazir bildirib.

O hesab edir ki, bu sərmayələrin qoyulmasını Barmek Holding-in Bakı elektrik şəbəkəsini idarə etdiyi ötən beş il ərzində də təmin etmək olardı. Şirkətin bəyanatlarına əsasən, elektrik şəbəkəsini idarə etdiyi vaxtda şirkət təkcə Bakı elektrik şəbəkəsinə 291 mln. ABŞ dolları sərmayə qoyub.

Hazırda investor tərəfindən Bakı və Sumqayıt elektrik şəbəkələrinə real sərmayə qoyuluşlarının qiymətləndirilməsi üçün Ernst & Young beynəlxalq auditor şirkəti işlər görür. Şirkət 5 avqust 2006- cı ildən bu işlərə başlayıb.

Auditorun cəlb edilməsi İqtisadi İnkişaf Nazirliyinin təşəbbüsü ilə baş verib, lakin təhvil-təslim prosedurlarının başlanması haqqında Barmek şirkəti ilə imzalanmış protokolda öz əksini tapıb. Nazir şirkət tərəfindən köhnə sayğacların quraşdırılması faktına dair öz münasibətini bildirərək, qeyd edib ki, bu, sərmayə hesab oluna bilməz. Onun sözlərinə görə, bəyan edilmiş sərmayə qoyuluşlarında hər-hansı pozuntular aşkar edildiyi halda, Barmekə qarşı sanksiyaların tətbiq edilmə ehtimalı istisna edilmir.

Nazir gələcəkdə hər iki şəbəkənin özəlləşdirilməsi və onların idarəyə verilməsi ehtimalını da istisna etmir. Əgər belə bir qərar qəbul olunsa, o zaman bu, dövlət başçısının ayrıca sərəncamında öz əksini tapacaq.

İİN ilə Bakı elektrik şəbəkəsinin uzunmüddətli idarəsi üçün saziş 2001-ci ildə, Sumqayıt elektrik şəbəkəsinin (Sumqayıt və ölkənin şimal rayonlarının elektrik şəbəkələrini birləşdirir ) idarəsi üçün isə - 2002-ci ildə imzalanıb.

Xəbər lenti

Xəbər lenti