Bu gün Azərbaycanın baş naziri Artur Rəsizadə Gürcüstan prezidenti Mixail Saakaşvili ilə görüşəcək. Gürcüstan prezidentinin administrasiyasından Trend in Tbilisidəki xüsusi müxbirinə verilən xəbərə görə, görüş Dövlət dəftərxanasında keçiriləcək.
Mixail Saakaşvili məzuniyyətini Osiauridə ehtiyatda olanların düşərgəsində keçirdikdən sonra, Tbilisiyə gəlib və paytaxtda işini davam etdirir. O, Gürcüstan-Azərbaycan biznes-forumunda iştirak etməyib və Azərbaycanın baş naziri və nümayəndə heyətinin digər üzvləri ilə Tbilisidə görüşməyi planlaşdırır.
Prezident administrasiyasından Trend ə verilən xəbərə görə, görüş zamanı tərəflər ikitərəfli münasibət məsələlərini müzakirə edəcəklər.
İki dövlət arasında sıx iqtisadi və siyasi əlaqələri nəzərə alaraq, prezident administrasiyasında ümid edirlər ki, bu münasibətlər gələcəkdə də möhkəmlənəcək və buna iki qonşu ölkənin iş adamları arasında gələcək tərəfdaşlıq və iqtisadi əlaqələrin inkişafı məsələlərinin müzakirə edildiyi Batumidə keçirilən biznes-forum yardım edəcək.
Prezident Saakaşvili ilə görüşdükdən sonra Azərbaycanın nümayəndə heyəti vətənə qayıdacaq.