2006-cı ilin ilk 6 ayı ərzində bir sıra cinayətlərin üstünün açılması təmin olunub. Trend Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətinə istinadən xəbər verir ki ki, bu barədə avqustun 19-da keçirilmiş kollegiya iclasında Baş prokuror Zakir Qaralov məlumat verib.
Z.Qaralov bildirib ki, mövcud nəzarət mexanizminin daha da təkmilləşdirilməsi, istintaq işçilərinin peşə hazırlığı səviyyəsinin və məsuliyyət hissinin artırılması istiqamətində həyata keçirilmiş tədbirlər müsbət nəticələr verib. Hesabat ilində həm prokurorluq, həm də istintaq fəaliyyəti ilə məşğul olan DİN, Ədliyyə və Vergilər nazirlikləri, Gömrük komitəsi və Sərhəd xidmətinin müvafiq qurumları tərəfindən ibtidai araşdırması yekunlaşdırılmış cinayət işlərinin, ittiham aktları təsdiq olunmaqla məhkəmələrə göndərilən işlərin sayı artıb. Cinayət işləri üzrə müddət pozuntusuna yol verilmə göstəricisi istintaq orqanları üzrə 4,6 faiz təşkil edib, böyük ictimai rezonans doğuran, uzun müddət ərzində açılmamış qalan bir sıra ağır və xüsusilə ağır cinayətlərin yüksək peşəkarlıq səviyyəsində istintaq olunması, təqsirkar şəxslərin layiq olduqları məsuliyyətə cəlb olunması təmin edilib.
Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq İdarəsi tərəfindən yüksək peşəkarlıq səviyyəsində həyata keçirilən istintaq tədbirləri nəticəsində çoxsaylı cinayətlər törətmiş Arif Hacıyevin rəhbərlik etdiyi mütəşəkkil cinayətkar dəstənin 17 üzvünün, 2004-2005-ci illər ərzində Ağcabədi və Beyləqan rayonlarının ərazisində 2 qəsdən adam öldürmə, 1 adam öldürməyə cəhd, 17 oğurluq və 2 quldurluq cinayəti törətmiş Məmməd İbrahimovun başçılıq etdiyi silahlı bandanın üzvlərinin ifşa edilməsi və təqsirkar şəxslərin məhkəmə məsuliyyətinə verilməsi təmin olunub.