...

Avropa Şurası Azərbaycanda mədəniyyətlərarası dialoqun inkişafı üzrə layihələr gerçəkləşdirmək niyyətindədir

Siyasət Materials 29 Avqust 2006 13:38 (UTC +04:00)
Avropa  Şurası Azərbaycanda mədəniyyətlərarası dialoqun inkişafı üzrə layihələr gerçəkləşdirmək niyyətindədir

Avropa Şurası (AŞ) Azərbaycanda mədəniyyətlərarası dialoqun inkişafına yönəldilmiş bir sıra layihələr gerçəkləşdirmək niyyətindədir. Trend xəbər verir ki, bu barədə Avropa Şurasının (AŞ) mədəni irsin mühafizəsi üzrə departamentinin nümayəndəsi xanım Fransuaza Kondol avqustun 29-da Bakıda "Aleksandr Düma Qafqazda" turist marşrutu layihəsinin təqdimatında bildirib.

Layihə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə yaradılıb və AŞ-ın mədəniyyət üzrə rəhbər komitəsi tərəfindən dəstəklənir. Hər iki tərəf hesab edir ki, layihə xalqlar arasında qarşılıqlı anlaşmaya və qarşılıqlı dəstəyə, mədəniyyətlərarası dialoqun inkişafına, həmçinin Qafqaz xalqlarının mədəni irsinin təbliğ olunmasına səbəb olacaq.

Azərbaycan mədəni irsin qorunması və mühafizəsi, Avropa xalqları ilə mədəniyyətlərarası dialoqun inkişafında AŞ ilə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır. Bu barədə təqdimat mərasimində Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva bildirib. Onun fikrincə, bu layihə Qafqaz mədəniyyətini Avropaya açacaq.

Nazir müavini həmçinin marşrutun keçəcəyi Qafqazda çoxlu hərbi münaqişələrin olmasından narahat olduğunu bildirib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi və Gürcüstan ərazisində separatizmdən doğan münaqişələr hələ də belə layihələrin həyata keçirilməsi üçün ciddi maneədir.

Təqdimatda Gürcüstan və Dağıstanın Mədəniyyət və Turizm Nazirliklərinin nümayəndələri, həmçinin Rusiya və Fransanın Azərbaycandakı səfirliklərinin mədəniyyət üzrə attaşeləri iştirak edib.

Xəbər lenti

Xəbər lenti