...

Azərbaycan-Ukrayna hökümətlərarası komissiyası yekun protokol imzalayıb

Siyasət Materials 1 Sentyabr 2006 16:46 (UTC +04:00)

Sentyabrın 1-də Bakıda keçirilmiş iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna hökümətlərarası komissiyasının yeddinci toplantısının yekunlarına görə protokol imzalanıb. Bu barədə Trend ə Nazirlər Kabinetindən məlumat verilib. Sənədi həmsədrlər - Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov və Ukraynanın baş nazirinin yanacaq-energetika kompleksi üzrə müavini Andrey Klyuyev imzalayıblar.

Həmin görüşdə iki ölkə arasında əməkdaşlığın bütün istiqamətləri gözdən keçirilib, lakin başlıca diqqət ticari-iqtisadi və energetika əlaqələrinin inkişafına yönəldilib. Əmtəə dövriyyəsinin artırılması üçün potensialın olması qeyd olunub.

Yarım ilin yekunlarına görə, Azərbaycan və Ukrayna arasında əmtəə dövriyyəsi 2005-ci ilin analoji dövrü ilə müqayisədə 5 mln. ABŞ dolları artaraq, 113,2 mln. ABŞ dolları təşkil edib, 2005-ci ildə isə xarici ticarətin həcmi 1,4 dəfə (77 mln. ABŞ dolları) artaraq, 259,1 mln. ABŞ dolları olub.

Azərbaycandan Ukraynaya tədarük edilən malların nomenklaturasına neft məhsulları, kimyəvi və kənd təsərrüfatı məhsulları, maşın və aqreqatlar daxildir, ölkəyə isə qara metallurgiya, maşınqayırma, elektrik texnikası və ərzaq məhsulları idxal olunur.

Komissiya AR və Ukraynanın aviasiya qurumları arasında əməkdaşlığın inkişafı üzrə işləri davam etdirməyi, humanitar əməkdaşlığı genişləndirməyi məsləhət görüb. İki ölkə arasında müqavilə-hüquq bazasının kifayət qədər yaxşı olduğu qeyd olunub, belə ki, indiyədək imzalanmış sazişlərin sayı 90-a çatır. Ukrayna prezidenti Viktor Yuşenkonun Bakıya gözlənilən səfəri çərçivəsində daha beş sənədin imzalanması ilə bu say artacaq.

Ukrayna yenə də Azərbaycanın neft məhsullarının tədarükündə maraqlı olduğunu bildirib. Tədarük həcmləri şərtləşdirilməyib, çünki bu, maraqlı tərəflərin imkanlarından asılıdır. Həm də tədarüklərin şərtləri sifarişçi və tədarükçü arasında aparılan danışıqların mövzusudur.

Tərəflər Azərbaycan şirkətlərinin Xəzər neftinin Odessa-Bordı boru kəməri ilə nəqli layihələrinə cəlb olunması və bu magistralın Baltik və Şimal dənizlərindəki limanlara qədər uzadılması haqqında danışıqları davam etdirmək qərarına gəlib. O cümlədən, Azərbaycan və Ukraynanın neft-qaz şirkətlərinə Odessa-Brodı-Plotsk-Qdansk neft kəmər sisteminin yaradılma imkanını yenidən gözdən keçirmək tövsiyyə olunub.

Nazirlər Kabinetində hesab edirlər ki, bu məsələnin gələcəkdə həll ediləcəyi mümkündür və işçi qruplar həmin məsələnin üzərində işi davam etdirməlidirlər.

Komissiyanın toplantısında həmçinin Azərbaycan və Ukrayna ərazisində karbohidrogenlərin kəşfiyyatı, hasilatı və emalında iştirak etmək üçün iki ölkənin neft-qaz qurumlarının səylərinin kooperasiyasının mühümlüyü də xüsusi olaraq vurğulanıb.

Xəbər lenti

Xəbər lenti