"Azərbaycanda elektron seçki sistemi artıq yetişməkdədəir. Yaxın illərdə Azərbaycanda da elektron səsverməyə keçiləcək". Trend in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov açıqlama verib.
O bildirib ki, Azərbaycanda hələ 2001-2002-ci illərdə yarımelektron səsvermə sınaqdan keçirilib. O vaxt bu təcrübə beynəlxalq təşkilatlarda da ciddi şəkitldə müzakirə olunub. M.Pənahov qeyd edib ki, elektron seçki sistemi çox mürəkkəbdir və müxtəlif üsullarla həyata keçirilir. Onun sözlərinə görə, Azərbaycanda bu üsulların tətbiq edilməsi üçün ali qanun olan Konstitusiyaya dəyişiklik edilməlidir.
"Çünki Konstitusiyada göstərilib ki, vətəndaşlar birbaşa özləri səs verməlidirlər. Elektron səsvermədə isə heç kəs təminat verə bilməz ki, elektron şəbəkəyə daxil olan səsi məhz adı göstərilən şəxs özü verib. Bu, çox mürəkkəb prosesdir və bizim qanunvericiliklərə görə bəzi hüquqlarla ziddiyyət təşkil edir. Elektron səsvermədə böyük müşahidə institutu fəaliyyət göstərməli, çox işlər görülməlidir. Amma hesab edirəm ki, yaxın illərdə Azərbaycanda elektron seçki keçirilə bilər"-deyə MSK sədri vurğulayıb.