...

Azərbaycanın daxili işlər naziri "Beynəlxalq Şəffaflıq" Təşkilatının nümayəndəsini qəbul edib

Siyasət Materials 19 Sentyabr 2006 18:00 (UTC +04:00)

Sentyabrın 19-da Azərbaycanın daxili işlər naziri Ramil Usubov "Beynəlxalq Şəffaflıq" Təşkilatının Avropa və Mərkəzi Asiya ölkələri üzrə regional direktoru Miklos Marşalı qəbul edib. Bu barədə Trend ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Nazir qonağa DİN-in funksiyası və fəaliyyət istiqamətləri, həmçinin ölkədəki durum haqqında məlumat verib. O, korrupsiya ilə mübarizə sahəsində görülən işlər barədə ətraflı danışaraq qeyd edib ki, Azərbaycan polisi öz fəaliyyətini demokratik təsisatların möhkəmləndirilməsinə, insan hüquq və azadlıqdarının qorunmasına söykənən prinsiplər əsasında qurur.

"Azərbaycan dünya birliyinin tamhüquqlu üzvü kimi insan hüquq və azadlıqlarının qorunması sahəsində 40-dan çox beynəlxalq konvensiyaya qoşulub. "Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004-2006-cı illər)" təsdiq edilərək korrupsiya hüquqpozmalarına qarşı mübarizənin yolları və zəruri tədbirlər müəyyənləşdirilib" - deyə nazir qeyd edib.

R.Usubovun sözlərinə görə, Proqramın yerinə yetirilməsi məqsədilə DİN-də Xüsusi Tədbirlər Planı hazırlanaraq təsdiq olunub. O, qonağa bu Plana uyğun olaraq indiyə kimi görülmuş və gələcəkdə görülməsi nəzərdə tutulmuş işlər barədə ətraflı məlumat verib.

Miklos Marşal səmimi qəbula görə Ramil Usubova təşəkkürünü bildirib. O, Azərbaycanın qısa zamanda çox sürətli inkişafının şahidi olduğunu, bütün region üçün sabitliyin bərqərar olduğu nümunəvi ölkəyə çevrildiyini vurğulayıb. Qeyd edib ki, bölgədəki vəziyyət Azərbaycanın uğurlarından asılıdır.

Xəbər lenti

Xəbər lenti