...

Samara vilayəti hökumət aparatının məsləhətçisi baş vermiş faciəni etniklərarası toqquşma kimi qiymətləndirmir

Siyasət Materials 25 Sentyabr 2006 12:52 (UTC +04:00)
Samara vilayəti hökumət aparatının məsləhətçisi baş vermiş faciəni etniklərarası toqquşma kimi qiymətləndirmir

Biz Samarada baş vermiş faciəni əsla etniklərarası toqquşma kimi qiymətləndirmirik. Bu barədə Trend in Rusiyadakı xüsusi müxbirinə Samara vilayəti hökumət aparatının milli məsələlər üzrə məsləhətçisi Nadejda Osipova məlumat verib.

O, Rusiyanın Azərbaycan diasporuna dərin hüznlə başsağlığı verib və bildirib ki, məhz bu gün Rusiya vətəndaşlığı almalı olan Azərbaycan vətəndaşını itirmək bizim üçün ikiqat ağır olub. N.Osipova qeyd edib ki, bəzi təhrikçilər, o cümlədən jurnalistlər internet və digər əlaqə vasitələri ilə bu toqquşmanı məhz milli zəmində baş vermiş hadisə kimi təqdim etməyə çalışıb və çalışırlar.

O, buna dərhal reaksiya verən və elə həmin gün hadisənin sırf kriminal araşdırma olması və təhqiqat aparılması ilə bağlı məlumat yayan Azərbaycan diasporuna minnətdarlığını bildirib.

"Mən özüm hadisə yerində olmuşam. Zərərçəkənlər arasında taciklər də var idi. Qətl hadisəsi baş verib və günahkar cəzalandırılmalıdır. Biz cinayətkarları heç vaxt milli əlamətinə görə ayırmamışıq və ayırmırıq", - deyə N.Osipova dəqiqləşdirib.

Samara vilayəti hökumətinin nümayəndəsi vurğulayıb ki, vilayətdə 135 xalq və etnik qrupların nümayəndələri yaşayır. 2002-ci ilin statistikasına görə, Samarada Rusiya vətəndaşı olan azərbaycanlıların sayı 16 min, qeydiyyatda olmayan azərbaycanlılarla birlikdə isə 40 mindən çoxdur. O qeyd edib ki, Azərbaycan diasporu 3 ildir ki, mövcuddur. Bundan başqa, öz mədəniyyətini və xalqını layiqincə təmsil edən və çox güclü təşkilat olan Samara vilayətinin Azərbaycanlılar Liqası fəaliyyət göstərir.

N.Osipovanın fikrincə, nüfuzlu və peşəkar Azərbaycan diasporu hakimiyyət orqanları və icma arasında birinci köməkçi və körpüdür. O xatırladıb ki, Azərbaycan diasporu əhalisinin 12%-ni Gürcüstanın Qardabani rayonundan olan azərbaycanlıların təşkil etdiyi Suxie Avrali kəndində münaqişənin nizamlanmasında böyük xidmətləri var. O dəqiqləşdirib ki, bu münaqişə barədə xəbər Avropa Şurasına da çatmışdı. Bu gün isə "həmin kənddə zəhmətkeş azərbaycanlılar yaşayır. Onların hər biri 30-40 baş qaramal saxlayır və biz zəhmətlərinə görə onlara təşəkkür etməliyik".

N.Osipova təəssüflə qeyd edib ki, bəzi təhrikçi jurnalistlər "axışıb gəliblər", "iş yerlərimizi tutublar" və s. kimi fikirlər yazır. O əmindir ki, bu, heç də belə deyil. Onun fikrincə, hamıya iş və torpaq çatır. Belə ki, Samarada torpağın 50%-i becərilmir. N.Osipovnanın sözlərinə görə, azərbaycanlılar bu torpaqları mənimsəyir, heyvandarlığı uğurla inkişaf etdirir.

Bundan başqa, N.Osipova Azərbaycan diasporu, xususilə SVAL tərəfindən çoxsaylı xeyriyyə aksiyaları, konsertlər və digər tədbirlərin keçirilməsini, o cümlədən qəzet və jurnalların dərc olunmasını xüsusi qeyd edib.

Xəbər lenti

Xəbər lenti