...

Bakı şəhərində şəhərdaxili və şəhərətrafı marşrutlarda sərnişindaşıma xidməti üzrə tariflər dəyişdirilib

Siyasət Materials 29 Sentyabr 2006 20:11 (UTC +04:00)
Bakı şəhərində şəhərdaxili və şəhərətrafı marşrutlarda sərnişindaşıma xidməti üzrə tariflər dəyişdirilib

Azərbaycan Tarif (Qiymət) Şurasının sentyabrın 28-də keçirilmiş növbəti iclasında Bakı şəhərində şəhərdaxili və şəhərətrafı marşrutlarda, həmçinin Bakı-Sumqayıt (Sumqayıt-Bakı) marşrutu üzrə sərnişindaşıma xidmətinin tariflərinə baxılıb, müvafiq qərarlar qəbul olunub.

Trend in xəbər verdiyi kimi, Azərbaycan Tarif (Qiymət) Şurasının məlumatında deyilir ki, iclasda Nəqliyyat Nazirliyindən, təsərrüfat subyektlərindən və əhalidən daxil olan rəy və təkliflər, Şuranın müvafiq icra hakimiyyəti orqanları ilə birgə keçirdikləri monitorinq zamanı əldə olunan məlumatlar əsasında hazırlanmış layihə müzakirə olunub.

Məsələnin sosial əhəmiyyətli olması, bu sahədə kəskin qiymət artımına yol verilməməsi, eyni zamanda şəhər nəqliyyat təsərrüfatının yenidən qurulmasının stimullaşdırılması kimi amillər nəzərə alınmaqla şəhərdaxili nəqliyyatda vahid tarifin tətbiq olunması təklif olunub.

Beləliklə, Tarif (Qiymət) Şurasının qərarına əsasən, Bakı şəhərində şəhərdaxili marşrutlarda vahid baza qiyməti 15 qəpik səviyyəsində müəyyənləşdirilib. Şəhərətrafı qəsəbələrə işləyən marşrutlarda isə şəhər hüdudlarından hesablanmaqla 1-15 km məsafə üçün gediş haqqının 15 qəpik, 1-25 km üçün 20 qəpik, 1-30 km məsafə üçün 25 qəpik, 1-40 km məsafə üçün 30 qəpik, 1-50 km məsafə üçün 40 qəpik, 50 km-dən yuxarı məsafə üçün isə 60 qəpik olması barədə qərar qəbul edilib.

Bununla yanaşı, Şuranın qərarına əsasən, gediş haqqı 20 qəpik olan 50-dən çox şəhərdaxili marşrut üzrə qiymətlər 15 qəpiyə endirilib. Bakı-Sumqayıt marşrutu üzrə tariflər 30 qəpik səviyyəsində müəyyən edilib. Sumqayıt şəhərinin daxili marşrutlarında hərəkət zamanı isə Bakı-Sumqayıt marşrutu tariflərinə şəhərdaxili (Sumqayıt) tariflər əlavə olunacaq.

Yeni tariflər oktyabrın 9-dan qüvvəyə minəcək.

Xəbər lenti

Xəbər lenti