Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) oktyabrın 6-da Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin binası qarşısında etiraz aksiyası keçirəcək. Trend in məlumatına görə, bu barədə jurnalistlərə partiyanın mətbuat xidmətinin rəhbəri Əli Orucov açıqlama verib.
O bildirib ki, etiraz aksiyası ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə məktub təqdim edilib, lakin partiyanın müracətini qəbul olunmayıb. AMİP nümayəndəsinin sözlərinə görə, buna baxmayaraq, oktyabrın 6-da Dövlət Komitəsinin binası qarşısında piket keçirilməsinə cəhd göstəriləcək.
Qeyd edək ki, AMİP-ə qərargah üçün yer ayrılması ilə bağlı Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə dəfələrlə müraciətlər edilib. Nəhayət, ötən gün Dövlət Komitəsi partiyaya cavab məktubu göndərib və qərargah üçün heç bir sahə təklif etməyib. Cavab məktubunda Komitənin yalnız dövlət təşkilatlarının yerləşdirilməsi barədə təkliflər verdiyi bildirilib.
Ə.Orucovun sözlərinə görə, digər əlaqədar dövlət ququmları qarşısında da etiraz aksiyaları keçirilə bilər.