Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən payız sessiyasında Avropa Şurası Nazirlər Komitəsinin iclası keçiriləcək. Bu barədə Trend ə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva bildirib.
Millət vəkili bildirib ki, Nazirlər Komitəsinin rəhbəri Rusiyanın xarici işlər naziri Sergey Lavrovun çıxışından sonra ona suallar ünvanlanacaq. Bu sırada Azərbaycan nümayəndə heyətinin də sualları olacaq. Q.Paşayeva şəxsən S.Lavrova ünvanlayacağı suallar barədə məlumat verib. Bildirib ki, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri, eyni zamanda Nazirlər Komitəsinin sədri olsa da və Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etsə də bu dövlətin televiziya kanallarında Dağlıq Qarabağın separatçı rejiminin rəhbəri Arkadi Qukasyan DQR-in prezidenti kimi təqdim olunur: "Mənim ünvanladığım sual bununla bağlıdır".
Q.Paşayeva onu da qeyd edib ki, AŞPA-nın 2003-cü ildə qəbul etdiyi 14\16 saylı qətnaməsində işğalçı Ermənistan ordusunun Azərbaycan ərazilərindən çıxarılması və qaçqınların doğma yurdlarına qaytarılması məsələsi əksini tapsa da bu qətnamənin nə səbəbdən hələ də yerinə yetirilmədiyi iəl bağlı Nazirlər Komitəsinin rəhbərinə sual ünvanlanacaq: "Lavrovdan soruşulacaq ki, Nazirlər Komitəsi AŞPA-nın qətnaməsini yerinə yetirməyən Ermənistana qarşı hansı təsir mexanizmlərindən istifadə edəcək".