...

Mirmahmud Mirəlioğlu: "Azərbaycan müxalifətinin birləşməsi Dağlıq Qarabağ probleminə dönüb"

Siyasət Materials 17 Oktyabr 2006 13:28 (UTC +04:00)
Mirmahmud Mirəlioğlu: "Azərbaycan müxalifətinin birləşməsi Dağlıq Qarabağ probleminə dönüb"

Azərbaycan müxalifətinin birləşməsi Dağlıq Qarabağ probleminə dönüb. Bu barədə Trend ə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu bildirib.

Qeyd edək ki, M.Mirəlioğlu müxalifətin vahid milli güc mərkəzinin yaradılması ideyası ilə bağlı çıxış edib. Və bu ideyanı gerçəkləşdirmək üçün partiya sədrləri ilə danışıqlar aparır.

M.Mirəlioğlu onu da qeyd edib ki, prezident seçkilərindən sonra, parlament seçkiləri ərəfəsində belə bir təkliflər olub: "Düzdür, bu proseslər artıq bitsə də mən yorulmadan işimi davam etdirirəm. Bu gün yenidən həmin ideyamı bir daha irəli sürmüşəm". Partiya sədri qeyd edib ki, heç kim onun ideyasının əleyhinə deyil. Bu istiqamətdə danışıqlar davam edir. M.Mirəlioğlu bu gün də adının çəkilməsini istəməyən partitya sədri ilə danışacağanı bildirib. Danışıqlar bitəndən sonra məsələyə konkret rəy veriləcək.

"Uzun müddətdir ki, bu məsələ ilə bağlı danaşaqlar aparılır, bunun sonu olacaqmı" sualımızı cavablandıran M.Mirəlioğlu bildirib: "Hər hansı bir sonluğun mənfi nəticəsi də nəticədir. Təbii ki, nəticəsi olacaq. Parlament seçkisi öncəsi danışıqlarımızın nəticəsi göz önündədir. Yəni bu məsələyə diqqət kəsilmədiyindən nəticəsi də bəllidir. Biz istəyirik ki, daha yaxşı və uğurlu olsun. Ona görə də təkrarən bu məsələyə yenidən qayıdırıq".

M.Mirəlioğlu onu da vurğulayıb ki, Azərbaycan müxalifətinin problemi az qala Dağlıq Qarabağ probleminə dönüb. Partiya sədri bu məsələ ilə bağlı ATƏT-in Minsk qrupunun fəaliyyətini, ermənilərlə danışıqların aparılmasını da misal çəkib: "Bir nəticə olmasa da yorulmadan vətəndaşlarımız bu istiqamətdə işin davam etdirməsini istəyir. Eləcə də müxalifət bu vəziyyətlə üzləşib". "Belə çıxmırmı ki, siz Minsk qrupunun missiyasını yerinə yetirmiş olursunuz" sualımızı isə partiya sədri belə cavablandırıb: "Belə çıxmır, ATƏT Azərbaycan üçün çox uğursuz qurumdur. Biz istəyirik ki, vahid milli güc mərkəzi yaransın. İstəyirik ki, bu mərkəzdə cəmiyyətdə böyük nüfuz sahibi olan şəxslər, liderlər, QHT rəhbərləri təmsil olunsunlar".

Partiya sədri onu da bildirib ki, bu ayın sonuna kimi danışıqları yekunlaşdırmağı planlaşdırıb.

M.Mirəlioğlu müxalifətin birliyinin bu vaxtadək baş tutmamasının səbəbini fərdlərin özündə gördüyünü bildirib: "Bizdədir. Cəmiyyət bizi istəyir. Cəmiyyət Azərbaycanın bütövlüyünü istəyir. Təşkilatların birliyi olsa Azərbaycanda sabitlik olur."

Bu il mart ayında müxalif Klassik Xalq Cəbhəsi Partiyasının təsis qurultayı keçirilib. Həmin vaxta qədər partiya Azərbaycan Xalq Cəbhəsi Partiyası adına iddia edirdi və "Klassiklər" AXCP-si kimi tanınırdı. Azərbaycanın eks-prezidenti, AXCP sədri Əbülfəz Elçibəyin müavini olmuş Mirmahmud Mirəlioğlu 2000-ci ildə partiyanın iki yerə parçalanmasından sonra "Klassiklər" qanadına sədrlik edib. 2006-cı ildə partiyanın adında dəyişiklik edilərək KXCP adlandırılıb.

Xəbər lenti

Xəbər lenti