...

Dövlət naziri Böyük Britaniyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib

Siyasət Materials 3 Noyabr 2006 14:11 (UTC +04:00)
Dövlət naziri Böyük Britaniyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib

"Biz tərkibinə Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü tanıyırıq". Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən Trend ə verilən məlumata görə, belə bəyanatla Britaniyanın Avropada dövlət naziri, xarici işlər və Birlik məsələləri idarəsinin rəhbəri Cef Qun ölkə parlamentinin iclasında çıxış edib. Qeyd edək ki, bəyanat Britaniya tərəfinin Ermənistanın Azərbaycana qarşı separatçı fəaliyyəti ilə bağlı birmənalı mövqeyini əks etdirir.

C.Qun qeyd edib ki, Böyük Britaniya Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə nail olmaqda ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir.

Britaniyalı nazir bölgədəki digər münaqişələri də şərh edib. "Böyük Britaniya Birləşmiş Krallığı Cənubi Osetiya və Abxaziya da tərkibinə daxil olmaqla Gürcüstanın ərazi bütövlüyünü və müstəqilliyini tanıyır. Biz bu regionlarda separtçı rejimlərin müstəqilliyi ilə bağlı fikirləri tanımırıq. Birləşmiş Krallıq bu regionlarda münaqişənin sülh yolu ilə nizamlanmasını və son vaxtlar Gürcüstan və Abxaziya arasında yaranmış gərginliyin aradan qaldırılmasına başlanmasını dəstəkləyir" - deyə C.Qun qeyd edib.

Rusiya ərazisindəki münaqişələrdən danışan nazir bildirib: "Biz, həmçinin Çeçenistan, o cümlədən Şimali Qafqazın bütün respublikaları tərkibində olmaqla, Rusiya Federsiyasının da müstəqilliyini tanıyırıq. Biz Çeçenistanın müstəqilliyi haqqında separatçı rejimin fikirlərini dəstəkləmirik".

Xəbər lenti

Xəbər lenti