...

M.Mirəlioğlu: "Müxalifətin vahid güc mərkəzinin yaradılması ilə bağlı partiyalararası danışıqlar yekunlaşmaq üzrədir"

Siyasət Materials 3 Noyabr 2006 17:02 (UTC +04:00)
M.Mirəlioğlu: "Müxalifətin vahid güc mərkəzinin yaradılması ilə bağlı partiyalararası danışıqlar yekunlaşmaq üzrədir"

Klassik Xalq Cəbhəsi Partiyasının təşəbbüsü ilə müxalifətin vahid güc mərkəzinin yaradılması ilə bağlı siyasi partiyalar arasında aparılan danışıqlar yekunlaşmaq üzrədir. Bu barədə Trend ə Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu məlumat verib.

O bildirib ki, müxalifət düşərgəsində olan bütün siyasi partiyalarla şəxsən özü danışıqlar aparıb. M.Mirəlioğlunun sözlərinə görə, müxalifətin vahid güc mərkəzinin yaradılması təşəbbüsünü etirazla qarşılayan olmayıb: "Biz demək olar ki, bütün müxalifətçi qüvvələrlə görüşlər keçiririk və əhatə dairəsindən kənarda qalan heç bir partiya yoxdur. Çalışırıq ki, müxalifətin vahid bir mərkəzinin, həm də işlək bir qurumunun yaradılmasına nail olaq. Amma bu güc mərkəzinin hansa formada olacağı isə aparılan müzakirələrin yekununda qəbul ediləcək qərardan asılı olacaq"-deyə M.Mirəlioğlu bildirib.

Qeyd edək ki, müxalifətçi AXCP-nin sədri Əbülfəz Elçibəyin müavini olmuş Mirmahmud Mirəlioğlu 2000-ci ildə partiyanın iki yerə parçalanmasından sonra ("islahatçılar" və "klassiklər" qanadı) "Klassiklər" AXCP-sinə sədrlik edib. AXCP adına iddia edən partiyanın adında 2006-cı ildə dəyişiklik edilərək Klassik Xalq Cəbhəsi Partiyası kimi təsis qurultayı keçirilib.

Xəbər lenti

Xəbər lenti