...

Kəmaləddin Heydərovun Mərakeşə işgüzar səfəri başa çatıb

Siyasət Materials 3 Noyabr 2006 17:38 (UTC +04:00)

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Mərakeşə işgüzar səfərini başa vuraraq Bakıya qayıdıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazir Avropa Şurasının Avropa və Aralıq Dənizi üzrə Böyük Risklər Sazişinin (EUR-OPA) 11 - ci toplantısında iştirak edib.

Toplantıda çıxış edən nazir Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də geniş yer ayırıb. Sessiya iştirakçılarına Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti barəsində məlumat verən general - polkovnik Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu, 1 milyondan artıq vətəndaşımızın öz doğma yurd yuvasından qaçqın düşdüyünü qeyd edib. O, həmçinin son aylarda Ermənistan Silahlı Qüvvələrinin cəbhə bölgəsində törətdiyi yanğın hadisələrinin ağır nəticələrini sessiya iştirakçılarının diqqətinə çatdırıb.

K.Heydərov bu məsələ ilə bağlı Avropa Şurasının xəttilə aparılan monitorinqin nəticələrinin obyektiv olacağına əminliyini bildirib. Ermənistan nümayəndə heyətinin etiraz cəhdlərinə baxmayaraq, məlumat toplantı iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.

Qeyd edək ki, "Cəmiyyətlərin hazırlıq və xəbərdarlıq edilməsi vasitəsilə təbii fəlakətlərin müdafiəsi: siyasi prioritet" mövzusunda keçirilən tədbirin əsas məqsədi Avropa və Aralıq dənizi hövzəsində təbii fəlakətlərin qarşısının alınması sahəsində yerli və regional orqanların rolunun gücləndirilməsi və bu sahədə maarifləndirmə işlərinin genişləndirilməsi olub. Tədbirdə 30-a yaxın ölkə nümayəndələri, Avropa Şurası Parlament Assambleyası, BMT - nin müvafiq komissiyasları və 10-na yaxın beynəlxalq təşkilat təmsil olunub.

Nazir səfər çərçivəsində Mərakeş Krallığının Ərazilərin İnkişafı, Su Resursları və Ətraf Mühit naziri Məhəmməd Əl Yəzgi, Rumıniyanın İctimai İşlər və Ərazi Planlaşdırması nazirinin müavini Laslo Borbeli, Türkiyənin İctimai İşlər və Məskunlaşma naziri Faruk Hafiz Ozak, Bolqarıstanın Təbii Fəlakətlər və Texnogen xarakterli fövqəladə hadisələr üzrə Dövlət Siyasəti nazirinin müavini Angel Çakarovla təkbətək görüşlər də keçirib.

Xəbər lenti

Xəbər lenti