...

Metyu Brayza hesab edir ki, ATƏT Azərbaycan və Ermənistan arasında danışıqların davam etdirilməsi üçün ən yaxşı yerdir

Siyasət Materials 16 Noyabr 2006 12:50 (UTC +04:00)
Metyu Brayza hesab edir ki, ATƏT  Azərbaycan və Ermənistan arasında danışıqların davam etdirilməsi üçün ən yaxşı yerdir

ATƏT - Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üzrə Azərbaycan və Ermənistan arasında danışıqların davam etdirilməsi üçün ən yaxşı yerdir. Bu barədə ATƏT MQ-nin amerikalı həmsədri Metyu Brayza Trend ə verdiyi eksklüziv müsahibəsində digər beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurası, BMT-nin Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanması prosesində fəal surətdə iştirak etmək ehtimalını şərh edərkən bildirib.

Bununla yanaşı, diplomat hesab edir ki, ATƏT Minsk qrupunun səylərini dəstəkləyən digər beynəlxalq qrup və orqanların bəyanatları və həmsədrlərin başlıca prinsipləri sülh prosesinə müəyyən dərəcədə yardım edə bilər. O əlavə edib ki, Böyük Səkkizlik ölkələrinin liderləri iyul ayında Sankt -Peterburqda bu bəyanatı veriblər.

M.Brayza xatırladıb ki, bu yaxınlarda BMT və ATƏT cəbhə xəttində yanğınlarla bağlı missiyanın təşkil olunması üzrə birgə işlər görüblər. Onun sözlərinə görə, missiyaya həm azərbaycanlı ekspertlər, həm də Qarabağ erməniləri daxil olub. "Mən hesab edirəm ki, bu cür əməkdaşlıq müsbət əlamətdir və ümid edirəm ki, hər iki tərəf gələcəkdə etimad tədbirlərinin gücləndirilməsinə yönəldilmiş bu cür tədbirlərin tez-tez keçirilməsi barədə razılığa gələcəklər", - deyə M.Brayza vurğulayıb.

Diplomat müzakirələr zamanı iki xarici işlər nazirinin müsbət köklənməsi və qərəzsizliyindən, eləcə də həmsədrlərin başlıca prinsiplərinə üyğun olaraq danışıqları davam etdirmək istəmələrindən ruhlandığını bildirib. "Biz inanırıq ki, başlıca prinsiplər Dağlıq Qarabağ münaqişəsinin ədalətli, tarazlaşdırılmış, yerinə yetirilə bilən həllini təqdim edir. Ümid edirik ki, hər iki tərəf onların şəxsi imkanlarına əsaslanmış cüzi dəyişiklik və düzəlişlərlə də olsa, bölgədə sülhün dəstəklənməsi üçün əsas kimi bu prinsipləri qəbul edəcək", - deyə ATƏT MQ-nin amerikalı həmsədri bildirib.

Xəbər lenti

Xəbər lenti