Trend in Azərbaycan rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasovla eksklüziv müsahibəsi
- Bu gün Azərbaycanın Rabitə vəİnformasiya Texnologiyaları Nazirliyi yüksək texnologiyalar üzrə xüsusi iqtisadi zonaların yaradılmasını ölkənin İT sahəsinin inkişafında ən prioritet istiqamət hesab edir. Sizin fikrinizcə, həmin iqtisadi zonanın yaradılması ilə hansı perspektivlər açılacaq və bunun üçün ilkin olaraq nə qədər sərmayə tələb olunur?
- Hazırda İKT sektoru dünya iqtisadiyyatının ən sürətlə inkişaf edən sahələrindən biridur. Azərbaycanda İKT sektorunun inkişafı ölkənin uzunmüddətli strateji inkişafı üçün çox vacibdir. Bu sahə ölkə iqtisadiyyatının inkişafına həm birbaşa - ÜDM-də payının artması ilə, həm də dolayısı yolla - idarəetmə sisteminin səmərəliliyinin artması, təhsilin səviyyəsinin yüksəldilməsi, alternativ təhsil modellərinin tətbiq olunması imkanlarının yaradılması, ölkənin İT şirkətlərinin rəqabətə dözümlülüyünün təmin olunması və s. ilə təsir edir. Bu gün İKT sektorunun ölkə ÜDM-də payı 2,5% təşkil edir, ancaq ölkədə İKT bazarının inkişaf potensialı bundan daha çoxdur və biz onun gələcək inkişafı üçün çalışırıq. İnkişaf etmiş və bir çox inkişafda olan ölkələrin təcrübəsi göstərir ki, yüksək texnologiyalar üzrə xüsusi zonaların yaradılması bu işdə aparıcı rol oynayır.
İKT sahəsinin inkişafının respublikada əsas prioritet istiqamətlərdən olması və ən yüksək səviyyədə dəstəklənməsi bizə ümid verir ki, mövcud imkanlardan düzgün istifadə etməklə yaxşı nəticələr əldə edək. Təbii ki, bunun üçün qanunvericilik bazası əsasında elə bir mühit formalaşdırılmalıdır ki, bu sahədə qabaqcıl ölkələrlə rəqabət apara bilək. Bu məqsədə çatmaq üçün xarici şirkətləri cəlb etmək və yerli şirkətləri fəallaşdırmaq lazımdır. Eləcə də ölkəmizdə elektron avadanlıqların, proqram məhsullarının istehsalı və ixracına əlverişli şərait yaratmaq vacibdir.
Bu faktor təhsil nöqteyi-nəzərindən də gərəklidir. Xüsusi iqtisadi zona Beynəlxalq İnformasiya Texnologiyaları İnstitutunun yaradılmasını nəzərdə tutur. Xüsusilə qeyd etmək istəyirəm ki, belə bir institutun yaradılması müasir informasiya texnologiyaları sahəsində ixtisaslı kadrların hazırlanmasında böyük rol oynayacaq.
- "Azercell Telekom" BM Azərbaycanda 3G texnologiyasını tətbiq etməyə hazır olduğunu bildirib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu cür texnologiyaların tətbiq edilməsi üçün şirkətlərə lisenziya vermək imkanını nəzərdən keçiribmi və nazirlik 3G texnologiyasından hansı effekti gözləyir?
- Bizim nazirliyin siyasəti rabitə sahəsini liberallaşdırmaqdır. İslahatlar aparırıq, azad rəqabət üçün şərait yaradırıq, hər bir yeniliyi dəstəkləyirik. Bu baxımdan, "Azercell Telekom " BM-in və yaxud digər bir operatorun 3G texnologiyasını tətbiq etməyə hazır olması müsbət haldır. Yeni texnologiyaların tətbiqi rabitə sahəsinin inkişafına yeni impuls verəcək. Beynəlxalq təcrübə göstərir ki, belə texnologiyaların tətbiqi üçün ilk növbədə araşdırmalar aparılır, strategiya müəyyənləşdirilir və yalnız bundan sonra onların tətbiqinə icazə verilir. Hazırda bizdə də bu istiqamətdə araşdırmalar aparılır və tədqiqatların nəticəsinə görə şirkətlərin icazə ilə bağlı müraciətlərinə baxılacaq.
- Bu gün "Azercell Telekom" BM və "AzEuroTel" BM-də dövlət payının özəlləşdirilməsi haqqında məsələnin nəzərdən keçirilməsi hansı mərhələdədir?
- Rabitə müəssisələrində dövlət payının özəlləşdirilməsi Azərbaycan prezidentinin müvafiq sərəncamı əsasında həyata keçirilir. İndiyədək bir neçə rabitə müəssisəsi mövcud qanunvericiliyə uyğun olaraq özəlləşdirilib. 2003-cü ilin sonunda Baksell mobil operatorunun dövlət payı özəlləşdirilb . Bu günə artıq Azərsell Telekom və AzEuroTel BM daxil olmaqla başqa müəssisələrin də əmlakının qiymətləndirilməsi üçün komissiya yaradılıb. Dövlət əmlakının özəlləşriliməsi üzrə məsul orqan müvafiq dövlət komitəsidir, bizim nazirlik isə özəlləşdirmə üzrə təkliflərini verir.
- Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yeni mobil rabitə operatoru "Azerfon" MMC-nin nə vaxt xidmət göstərməyə başlayacağını ehtimal edir? Bu gün yeni müəssisənin tarif siyasəti müəyyən olunubmu?
- Mobil telefon rabitəsi xidmətinin Azərbaycanda tətbiqinə 1994-cü ildə "Bakcell" birgə müəssisəsinin yaranması ilə başlanıb. 1996-cı ildə "Azercell Telekom" Birgə Müəssisəsinin yaradılması mobil telefon xidmətinin inkişafına təkan verib. Hazırda ölkə üzrə abunəçilərin ümumi sayı 2,5 milyonu keçib. Buna baxmayaraq əhalinin bu xidmət növünə olan tələbatı durmadan artır və 2005-ci ilin dekabrında RİTN Kollegiyasının qərarına əsasən "Azerfon" MMC-yə GSM standartında, "Catel" BM-ə isə CDMA standartında mobil rabitə xidməti üzrə lisenziyalar verilib.
"Azerfon" öz şəbəkəsinin qurulması üzərində işləyir və ilin sonuna qədər ilk nömrələrini istifadəyə verəcəyi gözlənilir. "Azərfon" öz şəbəkəsini qrafik üzrə aparır, ləngimələr isə layihənin böyüklüyü ilə əlaqədardır.
Sizin tariflərlə bağlı sualınıza cavab olaraq deyə bilərəm ki, Azərbaycanda şəhərlərarası və beynəlxalq telefon danışıqlarının tarifləri Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən təsdiq edilir və respublikada fəaliyyət göstərən bütün operatorlar tərəfindən tətbiq edilir. Digər tariflər isə sərbəst bazar münasibətlərinə uyğun olaraq operatorların özləri tərəfindən tətbiq edilir. Hesab edirəm ki, "Azerfon" MMC-nin fəaliyyətə başlaması ilə bu sahəyə əlavə investisiyalar qoyulacaq, mobil rabitə bazarında daha şəffaf mühit formalaşacaq, yeni xidmət növləri yaranacaq, rəqabət artacaq, xidmət keyfiyyəti yüksələcək, qiymətlər düşəcək və respublikada İKT sahəsinin ümumi inkişafına əlavə impuls verəcək.
- Hazırda Azərbaycanın öz rabitə peykini buraxması məsələsi gündəlikdədir. Sizcə, bu nə vaxt mümkün olacaq və peykin buraxılması üçün nə qədər sərmayə lazım olacaq? Azərbaycanın şəxsi rabitə peykini buraxması və ya KazSat peykindən istifadə etməsinin səmərəliliyinin iqtisadi təhlili aparılıbmı?
- Azərbaycanın milli peykinin orbitə qaldırılması üçün ilk növbədə orbital mövqe əldə olunmalıdır. Biz artıq peyk üçün orbital mövqe ayrılması məsələsi ilə əlaqədar Beynəlxalq Elektrorabitə İttifaqına (BEİ) müraciət etmişik və bu məsələlər 2007-ci ildə beynəlxalq radiorabitə konfransında müzakirə olunacaq.
Peykdən telekommunikasiya operatorları ilə yanaşı, dövlət orqanları da istifadə edəcəklər. Dövlət üçün çox əhəmiyyətli məsələ olduğuna görə hazırda layihə hüquqi, texniki və iqtisadi baxımdan araşdırılır.
Hazırda Azərbaycanda bir çox regional peyk təşkilatlarının, o cümlədən İntelsat, Eutelsat, Türksat və s. xidmətlərindən istifadə edilir. Qazaxıstan tərəfinin təklifinə gəldikdə isə, əgər bu məsələ texniki və iqtisadi cəhətdən məqsədəuyğun olsa, biz KazSat peykindən istifadə edə bilərik.
- Nazirlik 2007-ci ildə rabitə xidmətləri üzrə tarif siyasətini dəyişdirməyi planlaşdırıbmı?
- Son illər rabitə və informasiya texnologiyaları sektorunda müşahidə olunan dinamik inkişaf ölkənin rabitə sisteminin dünya standartları səviyyəsinə çatdırılması və yeni rabitə xidmətlərinin tətbiqi üçün geniş şərait yaradıb.
2004-2006-cı illlərdə biz beynəlxalq danışıq tariflərini zonalardan asılı olaraq təqribən 2-3 dəfə azaltdıq. RİTN tərəfindən aşağı lokal abunə haqlarının yüksək beynəlxalq danışıq tarifləri hesabına çarpaz subsidiyalaşdırılması praktikasından imtina və rabitə xidmətləri üçün tariflərin qabaqcıl ölkələrdə tətbiq olunan tariflərə uyğunlaşdırılması istiqamətində aparılan siyasət gələcəkdə də mərhələlərlə davam etdiriləcək.
- Hazırda Azərbaycanda "Elektron hökumət"in yaradılması layihəsinin gerçəkləşdirilməsi məsələsi nə yerdədir?
- "Elektron hökumət" yeni dövlət idarəçiliyi modelidir. O, dövlət strukturları ilə vətəndaşlar arasında ənənəvi münasibətlərin formasını dəyişdirir. E-hökumət bu gün bir çox inkişaf etmiş ölkələrdə artıq reallığa çevrilib. Məmnuniyyət hissi ilə qeyd etmək lazımdır ki, dövlət səviyyəsində bu sahəyə dəstək var və bu barədə Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyev "Bakutel-2006" Beynəlxalq sərgi və konfransında bəyan edib. Bu fakt bizim üzərimizə böyük məsuliyyət qoyur. Layihəni həyata keçirmək üçün əhalinin sayını, mədəni, sosial-iqtisadi fərqini, elektron hazırlığı və s. nəzərə almaq lazımdır.
Hal-hazırda E-hökumət layihəsi çərçivəsində bir neçə istiqamətdə işlər gedir.
Yaxın zamanlarda E-hokümət layihəsinin əsas komponentlərindən biri olan "Azdatacom" şəbəkəsinin təcrübi istismara verilməsi nəzərdə tutulur. Bu şəbəkə respublikanın bütün ərazisini əhatə edir. Bölgələrdə əhalinin İnternetə çıxışını təmin etmək üçün ictimai internet mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi, əhalinin kompüter biliklərinin artırılması üçün tədbirlər görülür.
Beynəlxalq qurumlarla, tanınmış şirkətlərlə sıx əməkdaşlıq edilir. Bizi böyük və gərgin işlər gözləyir. Bütün informasiya proseslərini idarə edən, hökumət qurumları çərçivəsində informasiyanın toplanması və operativ təqdim olunmasını təmin edən effektiv dövlət infrastrukturu yaradılmalıdır. Bütün bunlar qanunvericilik bazasında öz təsdiqini tapmalı və qanunvericilik bazası yaradılmalıdır. Bunun üçün qəbul olunmuş qanunların tətbiqi sürətləndirilməli, mövcud hüquqi baza təkmilləşdirilməli və inkişaf etdirilməlidir.