"Azərbaycanın Təhsil Nazirliyi şagirdlərin biliyinin aşağı səviyyədə olduğu məktəb direktorları ilə bağlı radikal tədbirlər görməkdə davam edəcək". Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərə noyabrın 27-də mətbuat konfransında Misir Mərdanov bildirib.
Nazirin sözlərinə görə, Bakının 8 orta məktəb direktoru işində yol verdiyi nöqsanlara görə artıq vəzifələrindən azad edilib. Müvafiq qərar Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə birgə paytaxtın 42 məktəbində apardığı yoxlamalardan sonra qəbul olunub. Yol verilmiş nöqsanlar arasında tədris prosesinə zəif nəzarət, şagirdlərin davamiyyətinin aşağı səviyyədə olması faktları da var. Nazirlik 7 məktəb direktoruna sonuncu xəbərdarlıqla şiddətli töhmət, 10 məktəb direktoruna isə xəbərdarlıq etməklə töhmət verib.
Onun sözlərinə görə, bir sıra məktəblərdə 11-ci sinifdə buraxılış sınaq imtahanlarının nəticələri ürəkaçan olmayıb. Belə ki, Səbail və Xətai rayonlarındakı 163 və 165 saylı orta məktəblərdə şagirdlərin bilik səviyyəsi cəmi 2-5% təşkil edib. "Nazirlik bu məktəblərin direktorları ilə bağlı radikal tədbirlər görmək niyyətindədir", - deyə nazir bəyan edib.