...

GUAM ekspertləri və milli əlaqələndiricilərinin görüşü başlayıb

Siyasət Materials 27 Noyabr 2006 16:57 (UTC +04:00)
GUAM ekspertləri və milli əlaqələndiricilərinin görüşü başlayıb

Noyabrın 26-27-də Bakuriani şəhərində (Gürcüstan) GUAM təşkilatı ekspertlərinin görüşü keçirilir. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev məlumat verib.

Səfir bildirib ki, GUAM milli əlaqələndiriciləri görüşə noyabrın 28-də qatılacaq. Azərbaycanı XİN başçısının müavini Araz Əzimov təmsil edəcək.

Görüşün gündəliyinə "GUAM - demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat"ın nizamnaməsinin qüvvəyə minməsi üçün mühüm olan dövlətdaxili prosedurlardan keçmə vəziyyətinin müzakirəsi, üzv dövlətlərin işçi qrupları və əlaqələndirici ölkələrin siyahısı ilə bağlı təkliflərin razılaşdırılması məsələsi daxildir.

Görüşdə aşağıdakı sənəd layihələrinin razılaşdırılması planlaşdırılır: imtiyazlar və toxunulmazlıq haqqında saziş, 2007 və 2008-ci illərin büdcələri, GUAM-ın birgə bəyanatlarının razılaşdırılması prosedurları, GUAM sahə işçi qrupunun əlaqələndirici ölkəsi haqqında əsasnamə, prosedur qaydaları, katiblik və maliyyə vəziyyəti haqqında əsasnamə.

Bundan başqa, GUAM ölkələrinin hökumətləri arasında nüvə və radiasiya təhlükəsizliyi məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında Memorandumun razılaşdırıması, GUAM katibliyinin yaradıldığı dövrdə Kiyevdə təşkilatın informasiya ofisinin maliyyə fəaliyyəti ilə bağlı məsələnin, BMT Baş Assambleyasının 61-ci sessiyasının gündəliyinə daxil edilmiş "GUAM məkanında dondurulmuş münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün nəticələri" ilə bağlı 42-ci bənd çərçivəsində birgə fəaliyyətin müzakirəsi gözlənilir.

XİNŞ-nin tapşırığı ilə (25 sentyabr 2006-cı il; Nyu-York) GUAM ölkələrinin sülhməramlı bölmələrin və mülki polis komponentinin yaradılması, GUAM məkanında dondurulmuş münaqişələrə dair təşkilatın bəyanatlarının layihəsi (onun ATƏT XİN başçıları Şurasının iclasında sədr tərəfindən səsləndirilməsi üçün - 4-5 dekabr, Brüssel) ilə bağlı konkret təkliflər hazırlanacaq. ATƏT-in XİN başçıları Şurası çərçivəsində GUAM XİN başçıları Şurasının iclasının və GUAM-ABŞ görüşünün (4-5 dekabr, 2006-cı il, Brüssel) keçirilməsinin təşkilati aspektləri müzakirə olunacaq.

GUAM ekspertləri və milli əlaqələndiricilərinin görüşü noyabrın 30-da başa çatacaq.

Xəbər lenti

Xəbər lenti