...

Gəncədə təhsil yarmarkası keçirilib

Siyasət Materials 11 Dekabr 2006 16:26 (UTC +04:00)

Gəncədə təhsil yarmarkası keçirilib. Trendin Qərb Bürosunun verdiyi məlumata görə, yarmarka şəhər Mərkəzi Kitabxanasında təşkil olunub. Tədbirə 18-dən çox qeyri-hökümət və beynəlxalq təşkilat qatılıb.

Təşkilatçı Gəncədə magistr təhsili alan Katalina Tomsondur. Onun sözlərinə görə, yarmarkanın təşkilində məqsəd gənclərin beynəlxalq və yerli təşkilatların iş prinsipi haqda geniş məlumatlar əldə etməkdən ibarətdir. "Beynəlxalq təşkilatlar və onların fəaliyyəti barədə gənclərin məlumatı paytaxta nisbətən regionlarda azdır. Bunun üçün də belə yarmarkanın keçirilməsinin zəruri olduğunu zənn etdim. Ümid edirəm ki, bu gün keçirilən təhsil yarmarkasında məqsədimə qismən nail ola bildim".

Yüzlərlə gəncin iştirak etdiyi tədbirdə ardıcıl olaraq hər bir təşkilatın nümayəndələri gənclərə və şəhərin qonaqlarına təmsil etdiyi QHT-nin fəaliyyəti, eləcə də gələcək planları barədə məlumat verdilər. Yarmarkada maraqlanan şəxslərə təşkilatlar tərəfindən müxtəlif kitablar da paylanıldı. Tədbirin sonunda kiçik bir müsabiqə də keçirildi. Hədiyyə qutusundan adı çıxan bir nəfər mükafatlandırıldı.

Katalina Tomson onu da bildirdi ki, gələn il belə bir yarmarkanın daha geniş şəkildə keçirilməsi nəzərdə tutulur. Bu tədbirdən fərqli olaraq, növbəti yarmarkada başqa ölkələrdə fəaliyyət göstərən təşkilat nümayəndələrinin də dəvət olunması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti