...

Dövlət komitəsinin başçısı: Gürcüstan tərəfi bir vaxtlar özü hazırladığı xəritədən imtina edir

Siyasət Materials 21 Dekabr 2006 10:30 (UTC +04:00)
Dövlət komitəsinin başçısı:  Gürcüstan tərəfi bir vaxtlar özü hazırladığı xəritədən imtina edir

Trend in Azərbaycan Torpaq və Xəritəçəkmə üzrə Dövlət Komitəsinin sədri Qərib Məmmədovla eksklüziv müsahibəsi

- Qərib müəllim, Azərbaycan sərhədlərinin Rusiya və Gürcüstanla delimitasiya və demarkasiyası üzrə ekspertlərin işinin nə vaxt başa çatdırılması planlaşdırılır?

- Rusiya ilə sərhədlərdə razılaşdırılmamış yalnız 3 məntəqə qalıb: Balakən rayonunda - "Stık" adlanan yer (Azərbaycan, Rusiya və Gürcüstanın sərhədlərinin birləşdiyi yer), "Su qovşağı" və Xaçmaz rayonunda meşə sahəsində. Azərbaycanın Rusiya ilə sərhədlərinin təxminən 85 faizi razılaşdırılıb. Bu yaxınlarda biz Rusiyada səfərdə olmuşuq və ekspertlər səviyyəsində müəyyən məsələləri razılaşdırmışıq, əraziyə baxış keçirmişik, növbəti görüş isə Bakıda keçiriləcək.
Gürcüstanla sərhədə gəlincə, bu, 470 km-lik ərazidir. Keçən 10 il ərzində bu sahənin cəmi 98 km razılaşdırılıb. Gürcüstana son səfərimiz zamanı iki gün ərzində böyük işlər görmüşük və ərazinin 210 km-ni razılaşdırımışıq. Ekspertlər səviyyəsində iş görülüb, indi məsələ komissiya çərçivəsində müzakirə olunmalıdır və bu görüş də Bakıda keçiriləcək.

- Çox güman ki, Gürcüstanla mübahisəli sərhəd məsələsi hələ də David Qareci kompleksi ilə bağlı məsələdir?

- Ümumilikdə elə bir böyük fikir ayrılığı yoxdur. Bu kilsələr dağın zirvəsində və dar bir yerdə yerləşib. Onlar artıq bərpa olunub. Gürcüstan bildirir ki, bunlar gürcü kilsələridir, bizim ekspertlər isə bildirir ki, bunlar 5-7 əsrlərə fid alban kilsələridir. Kilsənin kimin əazisində qalacağı mübahisəli məsələdir.

- Bildirdiniz ki, bu kilsələr bərpa edilib. Deməli, Azərbaycan tərəfinin razılığı olmadan bərpa işləri aparılıb?

- Bərpa demək düz olmaz, yenidən tikiblər. Ərazi ilə tanış olarkən ekspertlər özləri bunun şahidi olublar. Onlar bu kilsənin onlara məxsus olması fikrində israr edirlər, lakin həmin kompleks bizim Mədəniyyyət Nazirliyində Azərbaycana məxsus tarixi abidə kimi qeyd olunub. Gürcüstan tərəfindən kilsəyə qalxmaq daha rahatdır, bizim tərəfdən aşırımdır. Onlar bu kompleksi bərpa ediblər və orada müəyyən mərasimlər keçirirlər. Hətta yeni nikahlılar ora gəlirlər. Üçüncü ölkələrdən turistlər də gəlir. Yeri gəlmişkən, bizim ekspertlər orda olarkən ora Fransa və Amerikadan turistlər gəlibmiş və ora hansı məqsədlə gəlmələri məlumdur.
Sərhədlərə gəlincə, bizim əsas mübahisələrimiz 1938 və 1945-ci illərdə buraxılmış xəritələrlə bağlıdır. Növbətçi xəritəyə uyğun gələn xəritə - 1945-ci ilin xəritəsidir. Lakin Gürücstan tərəfi 1938-ci ilin xəritəsinə istinad edir. Həmin xəritələri isə gürcülər, ermənilər və ruslar tərtib edib. Bu işdə bir azərbaycanlının soyadı yoxdur. Zaqafqaziyanın mərkəzi həmişə Tbilisi olub, kartoqrafiya fabriki də orada yerləşib.
Biz gürcülər, ermənilər və ruslar hazırlayan növbətçi xəritə ilə razıyıq, lakin onlar özləri bir vaxtlar tərtib etdikləri xəritədən imtina edirlər.

- Belə fikirlər var ki, Azərbaycanda torpaq islahatı başa çatdığından sizin rəhbərlik etdiyiniz komitəni buraxmaq olar. Bununla bağlı nə düşünürsünüz?

- Azərbaycanda torpaq islahatlarının ilk mərhələsi başa çatıb, yəni ölkədə mövcud olmuş 2032 kolxoz və sovxoz əsasında 3 mülkiyyət forması formalaşdırılıb: dövlət (56,9 faiz), bələdiyyə (23,5 faiz) və özəl (19,6 faiz). Azərbaycanda islahatlardan kənarda 3 təsərrüfat qalıb: Qusar raoynunun Qazıməmməd təsərrüfatı, Şamaxıda M.Ə.Sabir adına təsərrüfat və Xaçmazda Xəzər dəniz gəmiçiliyinin təsərrüfatı.
Bəzən nəinki müxalifət, hətta iqtidar nümayəndələri də bu barədə danışır. Hətta Kənd Təsərrüfatı Nazirliyinin ləğv ediləcəyi barədə də söhbətlər gedir. Bu, düzgün yanaşma deyil. Aqrar islahatlar - birdəfəlik kampaniya deyil. Türkiyədə 80 ildir ki, aqrar islahatlar aparılır və hələ də yekunlaşdıra bilməyiblər. Yeri gəlmişkən, türklər ümummilli lider Heydər Əliyevin belə qısa müddət ərzində apardığı islahatlara heyran olublar.

- Aqrar islahatların ikinci mərhələsi nədən ibarət olacaq?

- Mən dövlət torpaqlarından danışdım, lakin yerli özünüidarə orqalarının (bələdiyyələrin) də torpaqları var. 1999-cu ildə prezident Heydər Əliyev bələdiyyələrin əraziləri və torpaqları barədə fərman imzaladı. Bizim komitə 2 ay ərzində bələdiyyələrə məxsus torpaqların sərhədlərinin xəritəsini hazırlamalı idi. Onda 2666 bələdiyyə yaradılmışdı. Bu gün onların sayı 2740-a çatıb, 50-si Bakıda yerləşir. Ümumilikdə bələdiyyələrlə bizim problemimiz yoxdur. Əsas problemlər şəhər bələdiyyələri ilə yaranır.
Daha bir sahə bağ sahələrilə bağlıdır. Onlar 250 min hektar təşkil edio. 90-cı illərin əvvəllərində 55 min hektar belə ərazi ələ keçirilib. Beləliklə, bütün respublika üzrə əhaliyə 3,5 mln. hektar ərazi verilib. Biz bütün bu sahələri bir-bir gəzirik. Heç kəs tutduğu yeri vermək istəmir. Biz hər santimetr torpağın qeydiyyatını aparmalıyıq. Bu gün bağ sahələrilə bağlı 50 faiz iş görə bilmişik.

- Sirr deyil ki, bağ sahələrində yaşayanlar xoşagəlməz situasiya ilə rastlaşıblar. Onlar müəyyən torpaq sahəsinə bələdiyyə tərəfindən icazə alıblar, sizin komitə isə bu sənədi tanımır. Bu nə ilə bitəcək?

- Bəli, bu cür sahələr çoxdur. Bu sahələr əsasən dəmir yolu, neft quyuları və s. ərazilərə yaxın yerlərdə yerləşir. Mən açıq şəkildə bəyan edirəm ki, bələdiyyələr düz hərəkət etmirlər. Fakt var ki, bir bələdiyyə qonşu bələdiyyənin ərazisinə dair sərəncam imzalayıb. Vətəndaş sənədi alır və pulu bələdiyyənin fonduna köçürür. Lakin biz müvafiq sənəd vermirik, çünki həmin sahə ya həmin bələdiyyənin ərazisində yerləşmir, ya həmin sahə kommunikasiya sistemləri üstündə yerləşir, ya da həmin ərazi dövlət torpaq fonduna məxsusdur. Bu halda da vətəndaş əziyyət çəkir və şikayət edir.

- Bəs bütün bunların sonu nə ilə bitəcək?

- Heç nə ilə. Bu halda biz sənəd verə bilmərik. Vətəndaşlar günahkar deyil, amma torpaq almaq istəyəndə qoy birinci növbədə bizim komitəyə müraciət etsinlər.

- Əhalidən böyük məbləğdə pul götürmüş həmin bələdiyyə nümayəndələri cəzalandırılacaqlarmı?

- Əlbəttə. Bununla əlaqədar dəfələrlə məhkəmələrə müraciətlər olunub. Bəzi bələdiyyə rəhbərləri hətta həbs olunublar. Lakin buna baxmayaraq, onlar bu fəaliyyəti davam etdirirlər. Sonra vətəndaşlar da pullarına geri ala bilmirlər.

- Torpaq reyestrinin hazırlanması üzrə işlər hansı mərhələdədir?

- 2 il əvvəl İsveç Azərbaycana qrant formasında 2 milyon dollar ayırıb. Biz metodikanı hazırlamışıq və isveçlilərdən 5 milion dollar məbləğində yardım göstərmələri barədə xahiş etmişik. Bu, Bakının böyük hissəsinin kadastrını tərtib etməyə imkan verəcək.
Bundan başqa, hazırda Dünya Bankı 40 milyon dollar həcmində kredit ayırır. Bu, daşınılmaz əmlakın qeydiyyatı ilə bağlı layihədir. Bu, ölkə üçün çox vacib bir layihədir. İnformasiya təkcə bizə yox, başqa ölkələrə, beynəlxalq təşkilatlara da lazımdır.
Bu gün Azərbaycanda şəhər kadastrı yoxdur. Halbuki bu, çox vacib məsələdir. Təsəvvür edin ki, hökumətə şəhərin küçələri, evləri, kommunikasiyası, orada yaşayan adamlar barədə informasiya lazımdır. Kadastr bütün bu informasiyanı əhatə edir.

- Kartoqrafiya ilə bağlı işlər necə gedir?

- Əvvəllər xəritələr vizual metodlarla hazırlanırdı. İndi bünün üçün GPS sistemlərdən, sputniklərdən istifadə edirik və rəqəmsal xəritələr hazırlayırıq. Xaricdə biz avtomobillərdə rəqəmsal xəritələr görə bilərik, bu xəritələr yolları göstərir. Bu, hüquq-mühafizə orqanları üçün də vacibdir. Bunun üçün Dünya Bankının ayırdığı vəsaitdən 14 milion dollar ayrılıb. Əlbəttə ki, müəyyən haqq müqabilində biz bu informasiyanı ekoloqlara, energetika işçilərinə, nəqliyyat sektoru, hüquq-mühafizə orqanları və beynəlxalq təşkilat işçilərinə təklif edəcəyik.
Bu sistemin Azərbaycanda tətbiqi inqilab yaradacaq. Bu, elmin bütün sahələrinə açardır. Bizim iki sistemimiz var. Biri - 1942-ci il sovet sistemi, çox ciddi bir sistemdir və digəri - 1984-cı il sistemi, bu NATO sistemidir. Burada bütün informasiya açıqdır. Lakin biz hamıya dövlət əhəmiyyətli informasiyanı aça bilmərik.

Xəbər lenti

Xəbər lenti