...

Azərbaycan prezidenti 2006-cı ildə fərqlənmiş idmançıların mükafatlandırılması mərasimində iştirak edib

Siyasət Materials 26 Dekabr 2006 19:00 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev 2006-cı ildə fərqlənmiş idmançı, məşqçi və idman sahəsində mütəxəssislərin mükafatlandırılması mərasimində iştirak edib.

Trend xəbər verir ki, tədbirin başlanğıcında Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, dekabrın 20-də MOK-un İcraiyyə komitəsi 2006-cı ilin yekunları haqqında müşavirə keçirib və hesabat qəbul edib. Həmçinin 2008-ci il olimpiya oyunlarına hazırlıq məsələsi və öhdəliklərin paylaşdırılması məsələsi də müzakirə edilib. İclasda Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov MOK-un vitse-prezidenti, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov isə İcraiyyə komitəsinin üzvü seçilib. Nazir Azad Rəhimov öz çıxışında söz verib ki, MOK-un vitse-prezidenti vəzifəsində ölkədə idman və gənclərin inkişafı üçün əlindən gələni edəcək.

Azərbaycan prezidenti 2006-cı ildə ölkədə fəaliyyət göstərən və idmanın inkişafı ilə məşğul olan bütün qurumların komanda işindən məmnun qaldığını bildirib. Onun sözlərinə görə, Azərbaycanda idman da, bütün sahələr kimi, inkişaf edir. "Biz çox şadıq ki, Azərbaycanda idmana maraq artır", - deyə prezident bildirib və əlavə edib ki, 2006- cı ildə beynəlxalq arenalarda 2087 medal yüksək nəticədir.

İlham Əliyev xatırladıb ki, 2000-ci ildən etibarən Azərbaycanın müxtəlif bölgələrində müasir idman kompleksləri istismara verilib və hazırda daha 10 kompleks inşa edilir. O qeyd edib ki, avarçəkmə üzrə tanınmış Mingəçevir bazasında 2007-ci ildən etibarən beynəlxalq standartlar üzrə yenidən qurulma işləri başlayacaq. Dövlət başçısı həmçinin vurğulayıb ki, Azərbaycanda həm olimpiya, həm də qeyri-olimpiya idman növlərinə böyük diqqət ayrılır.

Xəbər lenti

Xəbər lenti