...

Gəncədə çörəyin qiyməti qalxıb

Siyasət Materials 10 Yanvar 2007 12:34 (UTC +04:00)

Gəncədə çörəyin qiyməti 20 qəpikdən 30 qəpiyə qaldırılıb. Bu barədə məlumatı Trendin Qərb Bürosu verib.

Gəncə şəhərində un və un məmulatlarının istehsalı ilə məşğul olan "Neon" firmasının müdiri Arif Hüseynov sabahdan zavodda 14 qəpikdən satış məntəqələrinə verdikləri 550 qram çəkisi olan çörəyin qiymətinin təxminən 20 qəpiyə qaldırılacağını söylədi:

"Çox güman ki, mağazalar bu çörəyin qiymətini 28-30 qəpikdən aşağı satmayacaqlar. Lakin biz istehsal etdiyimiz çörəyin çəkisini azaltmaq fikrində deyilik. Bəzi çörək bişirən müəssisələrdə demək olar ki, bu məhsulun çəkisi elə əvvəldən 500 qram olub. Artıq çörəyin çəkisini daha da aşağı salmağa lüzum yoxdur, çıxış yolu yalnız qiyməti qaldırmaqdadır".

Arif Hüseynov ölkədə unun da qiymətinin artacağını bildirdi: "Buğda hazırda ölkəyə əsasən xaricdən gətirilir ki, orda da bu məhsulun qiyməti günbəgün artmaqdadır. Bir tərəfdən də ölkədə enerjinin və kommunal xidmətlərin qiyməti artıb. Hesab edirəm ki, dəyirman xərcləri də üzərinə gəldikdən sonra unun qiyməti bir qədər də artacaq".

Müəssisə rəhbəri müştəriləri olduqları Qazaxıstan şirkətinin onlara satdıqları buğdanın qiymətini yaxın günlərdə artıracağını bildirdiyini deyir. Bu isə öz növbəsində çörəyin qiymətinin də bir daha yüksəlməsinə təsir göstərə bilər.

Xəbər lenti

Xəbər lenti