...

Azərbaycanın Avropa məhkəməsindəki nümayəndəsi: Həbs altında saxlanan şəxslərin bütün hüquqlarının göstəriləcəyi qanun layihəsi hazırlanır

Siyasət Materials 11 Yanvar 2007 16:43 (UTC +04:00)
Azərbaycanın Avropa məhkəməsindəki nümayəndəsi: Həbs altında saxlanan şəxslərin bütün hüquqlarının göstəriləcəyi qanun layihəsi hazırlanır

İnsan haqları üzrə Avropa məhkəməsinin Azərbaycan Demokratik partiyası sədrinin birinci müavini Sərdar Cəlaloğlunun iddiasına əsasən aşkar etdiyi pozuntular Azərbaycan Respublikası qanunvericiliyində şübhəli şəxslər və müttəhimlərin saxlanmasına aid nöqsanlardan irəli gəlir. Bu barədə Trend ə Azərbaycanın Avropa Məhkəməsində səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov məlumat verib.

O qeyd edib ki, həbs altında saxlanan şəxslərin bütün hüquqlarının, eləcə də saxlanma yerlərinə aid təfsilatların göstəriləcəyi qanun layihəsi hazırlanır. O vurğulayıb ki, bu tədbirlər həmçinin Azərbaycan prezidentinin 28 dekabr 2006- cı il tarixdə insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyətə dair təsdiq etdiyi milli fəaliyyət planında nəzərdə tutulub.

Xatırladaq ki, Sərdar Cəlaloğlunun Azərbaycan hökümətinə qarşı iddiasında qeyd olunub ki, 18 oktyabr 2003-cü il tarixində maska geyinmiş, avtomatla silahlanmış bir neçə polis onun evinə soxulub və onu həbs ediblər. O, iki gün əvvəl Bakının mərkəzində "Azadlıq" meydanında keçirilmiş və zorakılığa çevrilən nümayişlə bağlı dindirilib. Sonra o, ictimai iğtişaşın təşkili və hökümət nümayəndələrinə qarşı zorakılığın istifadə olunmasına görə 3 il müddətinə ittiham olunub.

O, polisin kobud rəftarı və onun işinin qeyri-effektiv araşdırılmasına görə şikayətlə müraciət edib. O, həmçinin maddi ziyana görə 100 min avro həcmində, mənəvi ziyana görə 400 min avro həcmində ziyanın ödənilməsini tələb edib.

Avropa məhkəməsinin məhkəmə kollegiyası qərara gəlib ki, İnsan hüquqları üzrə Avropa Konvensiyasının 3 (saxlama zamanı kobud rəftar) və 13-cü (işin qeyri-effektiv araşdırılması) maddələri pozulub. Konvensiyanın 41-ci maddəsini (ədalətli ödəmə) rəhbər tutaraq, məhkəmə Azərbaycan hökümətinin iddiaçıya 10 min avro həcmində məbləğin ödənilməsi və 1 817 avro məbləğində məhkəmə xərclərinin ödənilməsi haqqında qərar qəbul edib.

Qeyd edək ki, Kristos Rozakisin (Shristos Rozakis) sədrliyi altında keçən məhkəmə kollegiyasının tərkibinə hakimlər Lukis Lukaides (Loukis Loucaides), Fransua Tulkens (Françoise Tulkens), Nina Vajiç (Nina Iajić), Anatoli Kovler (Anatoli Kovler), Elizabet Steiner (Elisabeth Steiner) və Xanlar Hacıyev (Khanlar Hajiyev) daxil olub.

Xəbər lenti

Xəbər lenti