...

Arif Hacılı: "Keçirəcəyimiz aksiyada iştirak etmək üçün bizə müraciət edən yoxdur"

Siyasət Materials 11 Yanvar 2007 18:00 (UTC +04:00)

Müsavat Partiyası yanvarın 28-də Tarif Şurasının qiymətlərin qaldırılması ilə bağlı qərarına etiraz olaraq keçirəcəyi mitinqi metronun "Həzi Aslanov" stansiyasının yaxınlığından yürüşlə başlayıb, "Ukraya" meydanında yekunlaşdırmaq niyyətindədir. Bu barədə Trend ə Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib.

Aksiyanın iki saat ərzində keçirilməsi nəzərdə tutulub. Onun sözlərinə görə, Müsavat Partiyası qeyd olunan marşrut üzrə etiraz aksiyasının keçirilməsinə icazə verilməsi üçün yanvarın 12-də Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcək.

A.Hacılı deyib ki, aksiyada yalnız bir - Tarif Şurasının enerji daşıyıcılarının, kommunal xidmətlərin və sərnişin daşımalarının qiymətlərinin artırılması haqqında qərarının icrasının dayandırılması haqqında şüar səsləndiriləcək. Aksiyada 10 min nəfərin iştirak etməsi nəzərdə tutulub.

Birgə aksiyanın keçirilməsi üçün partiyalarla aparılan danışıqlara toxunan A.Hacılı bildirib ki, hələlik heç bir təşkilat bununla bağlı onlara müraciət etməyib.

Qeyd edək ki, müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub.

Xəbər lenti

Xəbər lenti