...

Azərbaycan höküməti Rusiyadan departasiya olunan soydaşlarımızın problemlərinin həlli üçün tədbirlər paketi hazırlayıb

Siyasət Materials 13 Yanvar 2007 13:47 (UTC +04:00)
Azərbaycan höküməti Rusiyadan departasiya olunan soydaşlarımızın problemlərinin həlli üçün tədbirlər paketi hazırlayıb

Azərbaycan höküməti Rusiya Federasiyasından departasiya olunan soydaşlarımızın problemlərinin həlli üçün tədbirlər paketi hazırlayıb.

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti idarəsinin rəisi Vahab Məmmədovun Trend ə eksklüziv olaraq verdiyi məlumata görə, prezidentin "RF ərazisində ticarətlə məşğul olan Azərbaycan vətəndaşlarının problemlərinin həlli haqqında" 22 noyabr 2006-cı il tarixli sərəncamı ilə yaradılmış hökümət komissiyasının yanvarın 13-də keçirilən iclasında bu tədbirlərin təsdiq olunacağı gözlənilir.

Tədbirlərdə respublikaya qayıdan vətəndaşların işlə təminatı, onların sosial müdafiəsinin təmin olunması, onların işlə təmin olunmasına imkan verəcək hazırlığı ilə bağlı problemlərin həlli nəzərdə tutulub.

V.Məmmədovun sözlərinə görə, gələcəkdə AR və RF arasında əmək münasibətləri Azərbaycan Əmək Nazirliyinin hazırladığı "AR və RF arasında əmək miqrasiyası sahəsində əməkdaşlıq haqqında" Sazişə əsasən nizamlanacaq. Sənəd artıq Rusiya tərəfi ilə razılaşdırılıb.

Əməkdaşlıq çərçivəsində Rusiyadan gəlmiş Azərbaycan vətəndaşları, eləcə də onların RF ərazisində əmək fəaliyyətinin leqallaşdırılması üzrə görülmüş tədbirlər haqqında məlumatlandırma sisteminin yaradılması nəzərdə tutulub.

Rusiyanın rəsmi şəxsləri vətəndaşların əmək fəaliyyətinin leqallaşdırılması üzrə Azərbaycan hökümətinin təşəbbüsünü yüksək qiymətləndiriblər. Həm də MBD ölkələri arasında AR rəhbərliyi birinci olaraq RF ərazisində soydaşlarımızın əmək fəaliyyətini hüquqi əsaslarda qurmaq niyyətində olduğunu bildirib. Rusiyanın Sosial İnkişaf Nazirliyi və Miqrasiya xidməti əmək fəaliyyətinin leqallaşdırılması ilə bağlı problemlərin həllinə yardımın göstərilməsinə hazır olduqlarını bildirib.

Xəbər lenti

Xəbər lenti