...

Deputat Aydın Mirzəzadə: "Azərbaycan Avropa Şurasına üzv olduqdan sonra öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı böyük işlər görüb"

Siyasət Materials 2 Fevral 2007 13:42 (UTC +04:00)

"Azərbaycan Avropa Şurasına üzv olduqdan sonra üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı çox böyük işlər görüb." Bu sözləri Trend ə açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, millət vəkili Aydın Mirzəzadə deyib.

Millət vəkili vurğulayıb ki, Azərbaycan indiyə qədər 200-dən çox beynəlxalq konvensiyaya və xartiyaya qoşulub. Bunlar arasında Avropa Sosial Xartiyası, İnsan hüquqları üzrə Avropa Xartiyası var.

"Xüsusən insan hüquq və azadlıqlarının qorunması, mətbuatın daha azad fəaliyyət göstərməsi üçün Azərbaycanda bu günə qədər mühüm tədbirlər həyata keçirilib və bu işlər indi də davam etdirilir. Bununla belə, həyat daim inkişafda olduğu üçün yeni məsələlər də ortaya çıxır və Azərbaycanda bu məsələlərin hamısına operativ reaksiya verilir", -deyə Aydın Mirzəzadə bildirib.

AŞPA-nın Azərbaycan üzrə həmməruzəçilərinin hazırladığı hesabat təxminən ötən ilin sonlarına qədər aldıqları informasiyalara əsaslandığını deyən, millət vəkili əsas hesabatın apreldə veriləcəyini qeyd edib. Onun sözlərinə görə, üzümüzə gələn üç ayda görüləcək işlər də məruzədə əksini tapacaq. Həmməruzəçilərin aprelə qədər ən aktual saydıqları müəyyən məsələlərə dair Azərbaycan tərəfindən daha çox məlumat alacaqlarını vurğulayan A.Mirzəzədənin sözlərinə görə, onların aktual saydıqları məsələlərdən biri kütləvi aksiyaların keçirilməsinə hakimiyyətin münasibətidir.

"Azərbaycan hakimiyyətinin bu məsələyə münasibəti birmənalı şəkildə müsbətdir. Yəni qanunun tələbləri çərçivəsində bu gün Azərbaycan paytaxtında kütləvi aksiyaların keçirilməsi üçün bir neçə yer ayrılıb. Misal üçün, Müsavat Partiyasının göstərilən yerdə razılaşdırılmış mitinq keçirmək istəyinə uyğun ona icazə verildi və aksiya baş tutdu. Hakimiyyət bununla bir daha göstərdi ki, sərbəst toplaşmaq və digər insan hüquq və azadlıqlarını daim qoruyur. Aprelə qədər olan vaxt ərzində hakimiyyətin insan hüquq və azadlıqlarının daha da etibarlı qorunması istiqamətində görəcəyi işlər AŞPA həmməruzəçilərinin hesabatında öz əksini tapacaq", -deyə millət vəkili bildirib.

Xəbər lenti

Xəbər lenti