...

"Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" qanun layihəsi müzakirə olunub

Siyasət Materials 14 Fevral 2007 20:21 (UTC +04:00)

Fevralın 14-də Milli Məclisin sosial siyasət, insan hüquqları, hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyalarının birgə iclasında "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" qanun layihəsi müzakirə olunub.

Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli bildirib ki, ötən müzakirədən sonra 14 maddədən ibarət yeni qanun layihəsi xeyli təkmilləşdirilib. Bu sənədin hazırlanmasından məqsəd keçmiş məhbusların cəmiyyətdən təcrid olunmasının qarşısını almaq, onların tam hüquqlu vətəndaş kimi cəmiyyətdə öz yerini tutmasına, sosial adaptasiyasına kömək etməkdir.

Komissiyada qanun layihəsini təqdim edən deputat Elmira Axundova bildirib ki, sənədin hazırlanmasında Ədliyyə, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi və Daxili İşlər nazirliklərinin mütəxəssisləri də yaxından iştirak ediblər. Qeyd olunub ki, yeni qanun ölkədə sosial adaptasiya mərkəzlərinin yaradılmasını, keçmiş məhbuslara tibbi, psixoloji, hüquqi, informasiya yardımının göstərilməsini nəzərdə tutur. Bu sənəd penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunmasına xidmət edəcək, həmin şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə biləcək kriminogen faktorların qarşısını almağa yardımçı olacaq.

İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova qeyd edib ki, çox ali məqsədə xidmət edən bu qanun penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə inteqrasiyasını, lazımi sənədlərlə təmin edilməsinə yardım göstərilməsini, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını, təhsilinin və peşə hazırlığının təşkilini tənzimləyəcəkdir.

Sənədin təkrar müzakirəsində iştirak edən hər üç komissiyanın üzvləri qanun layihəsinə dair rəy və təkliflərini nəzərə çatdırdılar. Əsasən redaktə xarakterli bir sıra düzəlişlərin aparılması vacib sayılıb.

Deputatlar vurğulayıblar ki, belə bir qanunun qəbul edilməsi Azərbaycanda cəmiyyətin demokratik inkişaf səviyyəsinin göstəricisidir. Qanun layihəsində qadınların və uşaqların sosial adaptasiyasına xüsusi diqqət yetirilib.

Komissiyaların birgə iclasında aparılan fikir mübadiləsinin yekununda qanun layihəsinin Milli Məclisin müzakirəsinə təqdim olunması məqsədəuyğun sayılıb.

Xəbər lenti

Xəbər lenti