...

Milli Məclis Aparatının rəhbəri: "Azərbaycan Malayziya ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verir"

Siyasət Materials 14 Fevral 2007 20:28 (UTC +04:00)

Fevralın 14-də ölkəmizdə səfərdə olan Malayziyanın Baş Nazir Kabinetinin naziri Dato Seri Mohamed Nazri Abdul Azizin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevlə görüşüblər.

Bu barədə Trend xəbər verir.

S.Mirzəyev müstəqil Azərbaycanın dünya dövlətləri, o cümlədən Malayziya ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini bildirib. Parlament Aparatının rəhbəri Azərbaycanın müstəqillik tarixi haqqında qonaqlara ətraflı məlumat verərək bugünkü parlamentin fəaliyyətindən danışıb. Qeyd edib ki, müstəqil Azərbaycanın parlamenti dünya dövlətlərinin parlament təcrübəsinin öyrənilməsinə və ali qanunvericilik orqanları səviyyəsində əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Bu məqsədlə Milli Məclisdə dünyanın 60-dan çox ölkəsi ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb. Azərbaycan parlamentində Malayziya ilə əməkdaşlıq üzrə də deputat qrupu fəaliyyət göstərir: "Biz Malayziya ilə həyatın müxtəlif sahələrində, o cümlədən parlamentlər səviyyəsində əməkdaşlığın inkişaf etdirilməsinin tərəfdarıyıq."

Qonaq Azərbaycanda gördüklərindən məmnun qaldığını qeyd edib. O, öz ölkəsində parlament işlərinə cavabdeh olan məsul bir şəxs kimi dünyanın müxtəlif ölkələrinin ali qanunvericilik orqanları ilə əlaqələrin inkişafı üçün səylər göstərdiyini vurğulayıb. Bildirib ki, Malayziya Qafqazın bu bölgəsi ilə əməkdaşlığın inkişafını önəmli hesab edir və bu sahədə böyük potensial imkanlar var.

Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Malayziya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fuad Muradov və digər rəsmi şəxslər iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti