...

Prezident: Azərbaycanın valyuta ehtiyatı 4,1 milyard dollar təşkil edir

Siyasət Materials 13 Aprel 2007 17:14 (UTC +04:00)
Prezident: Azərbaycanın valyuta ehtiyatı 4,1 milyard dollar təşkil edir

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Hazırda Azərbaycanın valyuta ehtiyatları 4,1 milyard ABŞ dolları həcmindədir. Adətən, neftlə zəngin olan ölkədə təbəqələşmə gedir, lakin Azərbaycanda ədalətlilik və şəffaflıq prinsiplərinə ciddi riayət olunması neft gəlirlərindən hər bir vətəndaşın bəhrələnməsinə imkan verir.

Bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev cümə günü Nazirlər Kabinetinin ilin ilk rübünün yekunlarına həsr olunan iclasında səsləndirib.

Prezident İlham Əliyev birinci rübdə təməli qoyulan Oğuz-Qəbələ-Bakı su kəmərinin də neftdən əldə olunan vəsait hesabına çəkildiyini bildirib. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tam gücü ilə işləməsini, "Şahdəniz" yatağından çıxarılan təbii qazın ixracına başlanmasını birinci rübün mühüm hadisələri kimi səciyyələndirən dövlət başçısı Xəzərin enerji ehtiyatlarının hasilatı və ixracının ölkə iqtisadiyyatının güclənməsindəki rolunu vurğulayıb.

Prezident qeyd edib ki, bu amil həm də müstəqil siyasət yeridən Azərbaycanın regionda və beynəlxalq aləmdə nüfuzunun artmasına təsir edən güclü vasitədir.

Prezident İlham Əliyev son illər Azərbaycan iqtisadiyyatında müşahidə edilən və dünyada bənzəri olmayan yüksək artım meyllərinin 2007-ci ilin birinci rübündə də davam etdiyini vurğulayıb. Ümumdaxili məhsulun həcminin 2005-ci ildə 26 faiz, 2006-cı ildə 35 faiz artdığını xatırladan Prezident deyib ki, bu ilin birinci rübündə həmin göstərici təxminən 40 faiz təşkil edib. Sənaye məhsulu istehsalı isə 39 faiz artıb. Dövlət siyasətinin sosialyönümlü olduğunu deyən Əliyev yanvar ayında minimum əmək haqqının 50 manata, orta pensiyanın isə 70 manata çatdığını, 55 min ailənin ünvanlı sosial yardım proqramına cəlb olunduğunu, əhalinin pul gəlirlərinin 53 faiz artdığını bildirib.

İclasda çıxış edən maliyyə naziri Samir Şərifov, iqtisadi inkişaf naziri Heydər Babayev, vergilər naziri Fazil Məmmədov, gənclər və idman naziri Azad Rəhimov, Milli Bankın idarə heyətinin sədri Elman Rüstəmov, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev rəhbərlik etdikləri strukturların ilin birinci rübündə gördüyü işlər barədə məlumat veriblər.

İclasa yekun vuran Prezident İlham Əliyev əsas diqqəti ölkənin iqtisadiyyatında və sosial həyatında mövcud olan problemlərə yönəldib, inflyasiyanın minimuma endirilməsi üçün tapşırıqlar verib. Eyni zamanda, istehlak bazarında qiymətlərin qalxmasının subyektiv səbəblərinə də toxunub və bunu, əsasən, bazarda sağlam rəqabətin olmaması, bəzi hallarda isə inhisarçılığın mövcudluğu ilə əlaqələndirib. Dövlət başçısı belə mənfi halların aradan qaldırılması üçün sahibkarlığın inkişafına diqqəti artırmaqla bərabər inzibati tədbirlərdən də istifadə etməyin zəruriliyini diqqətə çatdırıb, ölkə həyatının bütün sahələrində tərəqqinin davamlılığının təmin olunması üçün konkret tapşırıqlar verib.

Xəbər lenti

Xəbər lenti