...

MDB ölkələrinin baş prokurorları Astanada korrupsiya ilə mübarizə sahəsində əməkdaşlıq barədə razılaşıblar

Siyasət Materials 25 Aprel 2007 16:33 (UTC +04:00)

Qazaxıstan, Astana / Trend K.Konırova/ Çərşənbə günü Astanada MDB üzv ölkələrinin baş prokurorluqlarının korrupsiyayla mübarizə sahəsində əməkdaşlıq sazişi imzalanıb. Qazaxıstanın baş prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, sənəd bu gün Astanada baş tutan MDB üzv ölkələrinin baş prokurorlarının Koordinasiya Şurasının iclasının yekunlarına müvafiq olaraq imzalanıb.

Bu tədbir çərçivəsində tərəflər Birlik ölkələrinin nəzarət orqanları ilə bağlı bir çox məsələləri müzakirə ediblər. Tərəflər xüsusilə də transmilli xarakter daşıyan korrupsiya əməlləri barədə ərizə və məlumatların birgə yoxlanılması kimi əməkdaşlıq məsələlərində razılq əldə ediblər.

İclasda həmçinin dövlət ittihamının müdafiəsi, terrorizmlə və ekstremizmin digər formaları ilə mübarizə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı fəaliyyət sahəsində təcrübə mübadiləsini nəzərdə tutan proqram və tədbirlərin həyata keçirilməsi müzakirə edilib.

Bununla yanaşı, cinayət işlərinin və cinayətlərin qeydiyyatı qaydaları barədə vahid bir formanın yaradılması layihəsi müzakirə olunaraq bu sənədin bəzi hissələrinin işlənilməsi və dəqiqləşdirilməsi üçün işçi qrupunun yaradılması barədə qərar qəbul olunub.

Qazaxıstanın baş prokuroru Rəşid Tusupbəyov qeyd edib ki, baş prokurorlar tərəfindən iclasda qəbul olunan qərarlar milli qanunvericiliklərin yaxınlaşmasına, MDB müqavilə-hüquq bazasının inkişafına, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı vahid mövqenin ortaya qoyulmasına yardım edir.

MDB üzv ölkələrinin baş prokurorlarının Koordinasiya Şurası 1995-ci ildə yaradılıb. Onun tərkibinə 10 ölkənin prokurorluğu daxildir: Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan və Ukrayna. İclasda Azərbaycanı baş prokurorun birinci müavini Rüstəm Usubov təmsil edib.

Xəbər lenti

Xəbər lenti