...

Ukraynalı politoloq: "Ukraynadakı süni böhrana beynəlxalq ekspertləri cəlb etmək lazımdır"

Siyasət Materials 30 Aprel 2007 13:15 (UTC +04:00)
Ukraynalı politoloq: "Ukraynadakı süni böhrana beynəlxalq ekspertləri cəlb etmək lazımdır"

Azərbaycan, Bakı /müx. Trend A.Qasımova/ Ukraynada süni yaradılan böhranın heç bir nizamlanma perspektivi yoxdur və bu üzdən məsələyə beynəlxalq ekspertlərin cəlb edilməsinə ehtiyac var. Bu fikir Siyasi Araşdırmalar və Konfliktologiya Mərkəzinin direktoru Mixail Poqrebenskiyə məxsusdur.

Bazar ertəsi Trend ə müsahibə verən Poqrebenski qeyd edib ki, Ukraynadakı durum olduqca gərgindir: "Bu, müxtəlif səviyyələrdə olan qarşıdurmadır və bu vəziyyətdən aydın çıxış perspektivi görünmür. Prezident Yuşenko Konstitusiya və Ukrayna qanunları ilə hesablaşmır və ümid edir ki, siyasi rəqiblərini qorxuda biləcək. Yuşenko üçün ən yaxşı variant o olar ki, o, Kuçma dönəmlərindəki səlahiyyətləri özünə qaytarsın və yaxud da ölkədə prezident respublikasını bərpa etsin".

Ukrayna prezidenti ötən cümə axşamı öz qərarı ilə parlament seçkilərinin tarixini mayın 27-dən iyunun 24-nə keçirib. Qərarını izah edən Yuşenko MSK-nın iki ay əvvəl kvorumun olmaması ilə bağlı müraciətini nəzərə aldığını bildirib. Qeyd edib ki, bu, ciddi maneələr yaradır və mayın 27-də Ali Radaya seçkiləri mümkünsüz edir.

Öz növbəsində Ukrayna parlamenti (260 deputat, lazım olan səslərin sayı - 226) Yuşenkonun bu qərarının icrasına qadağa qoyub. Parlamentarilər prezidentin sərəncamını qanuni əsaslar olmadan verilən qərar kimi xarakterizə ediblər.

Poqrebenski hesab edir ki, birinci kimi bu sərəncam da icra olunmayacaq və iyunun 24-də seçkilər keçirilməyəcək. "Təbii ki, əgər möcuzə baş verəməzsə və Yuşenko hansısa güzəştlərə getməzsə" - deyə o vurğulayıb.

Ukrayna baş naziri Viktor Yanukoviç aprelin 27-də Yuşenkoya müraciət edərək onu qətiyyətli addım atmağa və eyni vaxtda parlament və prezident seçkilərini keçirməyə çağırıb. Bu müraciəti şərh edən Poqrebenski bildirib ki, prezident seçkilərinin parlament seçkiləri ilə bir vaxtda keçirilməsi qanunla yasaqdır. Özü də bununla ilk növbədə prezident razılaşmalıdır. "Lakin mən buna inanmıram" - deyə o qeyd edib.

Politoloqun fikrincə, yaranmış vəziyyətdən ən yaxşı çıxış yolu Konstitusiya Məhkəməsinin qərarından sonra məsələyə beynəlxalq ekspertləri cəlb etməkdir.

Xəbər lenti

Xəbər lenti