...

Güney Azərbaycan Hərəkatı liderinin əleyhdarları mübahisələri dayandırmağa qərar veriblər

Siyasət Materials 2 May 2007 14:24 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Güney Azərbaycan Milli Oyanış Hərəkatından istefa vermiş Hüseyn Türkelli siyasi fəaliyyətini dayandırması barədə bəyanat verib. Çərşənbə axşamı yaydığı bəyanatında Türkelli bildirir ki, GAMOH-la bağlı cəbhələşmə yaranmaması üçün siyasi fəaliyyətini dayandırır və bundan sonra insan haqlarının müdafiəsi işləri ilə məşğul olacaq.

Türkelli GAMOH lideri Mahmudəli Çöhrəqanlını təşkilatda diktatura rejimi yaratmaqda, saxtakarlıqlara yol verməkdə günahlandırır. M.Çöhrəqanlı Türkellidən GAMOH-un rəsmi İnternet saytını təhvil verməsini tələb edir. Saytı idarə edən Türkelli bəyanatında qeyd edib ki, özü də daxil olmaqla Çöhrəqanlının əleyhdarları artıq mübahisələri, ittihamları dayandırırlar. Türkelli GAMOH-da parçalanmanın baş verməməsi və düşmənlərin bu vəziyyətdən sui-istifadə etməməsi üçün bütün mübahisələrə son qoyaraq cavab verməyəcəyini və qarşı tərəfin də eyni addım atmasına ümid bəslədiyini deyib.

Qeyd edək ki, GAMOH-un İdarə Heyətinin üzvü, qurumun Amerika və Kanada təkşilatlarının sədri olmuş Hüseyn Türkelli və bir sıra fəal üzvlər Çöhrəqanlıya etiraz olaraq GAMOH-dan istefa veriblər.

GAMOH İranda yaşayan azərbaycanlıların haqları uğrunda açıq mübarizə aparmaq məqsədilə 1995-ci ildə təsis olunub. Təşkilat beynəlxalq hüquq və prinsiplərə əsaslanaraq, Güney Azərbaycanın "öz müqəddəratını təyinetmə" haqqının bərpası uğrunda mübarizə aparır.

Xəbər lenti

Xəbər lenti