Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Demokrat Partiyası (ADP) Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı təkliflərini Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komissiyasına göndərib. Bu barədə cümə axşamı ADP-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilib ki, ADP-nin Seçki Məcəlləsinə əlavə və dəyişiklərlə bağlı təkliflərində Azərbaycanda demokratik seçkilərin keçirilməsi naminə seçki komissiyalarının tərkibinin formalaşdırılmasında ölkədəki aparıcı siyasi qüvvələrin balansının təmin olunması prinsipinin əsas götürülməsi, bütün səviyyəli seçki komissiyaları tərkibinin ölkədəki əsas siyasi partiyaların paritet təmsilçiliyi əsasında formalaşdırılması, seçki komissiyaları tərkibinin əsas siyasi qüvvələri razı salacaq və qarşılıqlı etibara malik olacaq şəkildə formalaşdırılması, müşahidəçilərin hüquqlarının artırılması, seçici siyahılarındakı saxtakarlıqların aradan qaldırılması, seçki hüququnun bərpası və digər məsələlər öz əksini tapıb.
ADP Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komissiyasından partiyanın təkliflərini Seçki Məcəlləsinin təkmilləşdirilməsi istiqamətində aparılacaq müzakirələrdə nəzərə almağı xahiş edib.
Qeyd edək ki, müxalifəti təmsil edən sağ mərkəzçi ADP 1991-ci ildə Sərdar Cəlaloğlu tərəfindən yaradılıb. 2000-ci ildən partiyaya Milli Məclisin keçmiş sədri, hazırda ABŞ-da mühacirətdə olan Rəsul Quliyev rəhbərlik edib. Bu ilin aprel ayında ADP-də parçalanma baş verib. ADP Rəsul Quliyev və Sərdar Cəlaloğlunun tərəfdarlarından ibarət iki hissəyə bölünüb. Sonradan R.Quliyevin tərəfdarları ADP adından imtina edib.