...

Müxalifət bloku keçmiş müttəfiqinin təklifinə razılıq verib

Siyasət Materials 16 May 2007 11:59 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan müxalifətini təmsil edən "Azadlıq" siyasi bloku Açıq Cəmiyyət Partiyasının (ACP) Forumla bağlı təklifinə razılıq verib. Bu barədə "Azadlıq" blokunun həmtəsisçisi, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev çərşənbə günü məlumat verib.

Açıq Cəmiyyət Partiyası mayın 25-də bütün siyasi qüvvələrin iştirakı ilə geniş tərkibli Forum keçirməyi planlaşdırır. "Azadlıq" blokunun həmsədrləri bu toplantıya qatılmağa razılıq veriblər. Lakin bu Forumda müzakirəyə çıxarılacaq mövzulardan asılı olaraq, "Azadlıq"ın rəhbərliyi son anda qərarını dəyişə də bilər.

Əliyev onu da deyib ki, Açıq Cəmiyyət Partiyasının "Azadlıq" blokuna qoşulması üçün müraciət edilməyib. Lakin ACP ilə blokda təmsil olunan partiyaların ikitərəfli əməkdaşlığı qurulacaq. Xatırladaq ki, keçmiş ADP-çilər olan indiki ACP "Azadlıq" blokundakı partiyalarla müttəfiq olub.

Əliyev onu da deyib ki, bir müddət əvvəl "Azadlıq" blokundan çıxan ADP ilə hazırda heç bir əməkdaşlıq mövcud deyil: "ADP-nin qurultayından sonra partiyanın qəbul edəcəyi siyasi kursu nəzərdən keçirəcəyik. Əgər əvvəlki kimi müxalifətçi mövqeyində dayansa, mövqelərimiz arasında kəskin fərqlər olmasa, ADP ilə yenidən əməkdaşlıq mümkün olacaq. Amma Sərdar Cəlaloğlunun indiki bəyanatlarında olduğu kimi, hakimiyyətin siyasi kursunu dəstəkləsə, bu, məqbul sayılmayacaq" - deyə "Azadlıq" blokunun həmsədri qeyd edib.

"Azadlıq" blokunda üç müxalifət partiyası- Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal (ALP), Vətəndaş və İnkişaf (VİP) partiyaları təmsil olunur.

Xəbər lenti

Xəbər lenti