Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Cümə günü Ukrayna paytaxtı Kiyevdə "Model qanunvericilik və onun milli parlamentlər tərəfindən tətbiqi" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək. Bu barədə cümə axşamı Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Toplantı MDB Parlamentlərarası Assambleyaya üzv ölkələrin parlamentariləri, elm adamları və mütəxəssislərinin iştirakı ilə keçəcək. Azərbaycan tərəfindən konfransda Milli Məclisin Regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə iştirak edəcək.
Tədbirdə dövlət quruculuğu və iqtisadiyyat, təhlükəsizlik, hüquqi, sosial, humanitar məsələlər üzrə model qanunvericiliyin formalaşması və qəbul olunmuş hüquqi aktların milli parlamentlər tərəfindən tətbiqi barədə fikir mübadiləsi aparılacaq.
Millət vəkili, MDB Parlamentlərarası Assambleyanın Sosial siyasət və insan hüquqları daimi komissiyasının sədri Arif Rəhimzadə müzakirə olunan mövzularla bağlı çıxış edəcək, Milli Məclisdə bu istiqamətdə görülən işlər barədə hesabat verəcək.