...

Müxalifət partiyaları arasında əməkdaşlıq haqqında niyyət sənədi imzalanacaq

Siyasət Materials 23 May 2007 17:19 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Müxalifəti təmsil edən "Azadlıq" bloku Açıq Cəmiyyət Partiyası (ADP) tərəfindən hazırlanan siyasi partiyaların əməkdaşlıq Memorandumuna qoşulmağa qərar verib. Bu barədə "Azadlıq" blokunun həmtəsisçisi, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev açıqlama verib.

Qeyd edək ki, ACP-nin təşkilatçılığı ilə mayın 25-də əsasən müxalifəti təmsil edən bütün siyasi qüvvələrin iştirakı ilə Milli Forum keçiriləcək. Bu toplantıda siyasi partiyaların əməkdaşlığını nəzərdə tutan niyyət Memorandumu imzalanacaq.

"Azadlıq" blokunun Sədrlər Şurasının çərşənbə günü keçirilən iclasında sözügedən təşəbbüslə bağlı müzakirələr aparılıb, Memorandum sənədi gözdən keçirilib. "Azadlıq" blokunun liderləri həmin sənədə imza atmağı qərara alıblar. Əliyevin sözlərinə görə, Memorandum siyasi partiyaların demokratiya, insan hüquqlarının, söz azadlığının müdafiəsi istiqamətində birgə mübarizə aparmasını nəzərdə tutur, fəaliyyət istiqamətləri göstərilir. Sənəddə partiyalar qarşısında şərtlər və öhdəliklər isə qoyulmayıb.

Əliyev həmçinin bildirib ki, "Azadlıq" bloku seçki komissiyaları indiki şəkildə qalacağı, söz azadlığına təzyiqlərin davam edəcəyi təqdirdə, qarşıdakı seçkiləri boykot etmək qərarı verib.

Qeyd edək ki, "Azadlıq" blokunda üç müxalifət partiyası - Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP, sədri Əli Kərimli), Liberal Partiyası (ALP, lideri Lalə Şövkət), Vətəndaş və İnkişaf Partiyası (VİP) təmsil olunur.

Xəbər lenti

Xəbər lenti