...

YAP icra katibinin müavini: "YAP müxalifətin təşkil etdiyi forumlarda iştirak etməyəcək"

Siyasət Materials 23 May 2007 17:52 (UTC +04:00)
YAP icra katibinin müavini: "YAP müxalifətin təşkil etdiyi forumlarda iştirak etməyəcək"

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Hakim Yeni Azərbaycan Partiyası (YAP) müxalifət partiyalarının mayın 24-də və 25-də keçirəcəyi milli forumlara dəvət almayıb və ona görə də həmin tədbirlərdə iştirak etməyəcək. Bu barədə çərşənbə günü YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı məlumat verib.

Qurbanlı qeyd edib ki, əgər müxalifət partiyaları YAP-ı öz tədbirlərinə dəvət etsələr, bunu müzakirə edə bilərlər.

Eks-spiker Rəsul Quliyevin liderlik etdiyi Açıq Cəmiyyət Partiyasının təşəbbüsü ilə keçiriləcək Milli Forumda Azərbaycanda demokratiyanın vəziyyəti müzakirə ediləcək.

YAP rəsmisi isə hesab edir ki, Azərbaycanda demokratiya ilə bağlı narahatlıq yoxdur. Çünki ölkə demokratiya sahəsində irəliləyir və demokratik dəyərlərin bərqərar olunması üçün lazım olan bütün işləri həyata keçirir.

"Ölkə prezidentinin siyasəti də buna yönəlib. Müxalifət partiyalarının bir yerə yığılıb nəyisə müzakirə etmələri, onların daxili işidir. Onların müzakirəsinin ictimai rəyə heç bir təsiri yoxdur və olmayacaq. Çünki ictimaiyyət arasında müxalifətin nüfuzu yox dərəcəsindədir" - deyə Qurbanlı əlavə edib.

Bir neçə müxalifət partiyasının təmsil olunduğu Demokratiya Uğurunda İttifaq mayın 24-də Qarabağ Forumu keçirəcək. Mayın 25-də isə Açıq Cəmiyyət Partiyasının təşkilatçılığı ilə demokratiya və qarşıdan gələn prezident seçkilərinə həsr olunmuş Milli Forum keçiriləcək.

YAP 1992-ci ildə Naxçıvanda yaradılıb. 14 ildir ki, hakim partiya olan YAP-ın ilk sədri mərhum eks-prezident Heydər Əliyev olub. Partiyanın hazırkı sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti