Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Demokrat Partiyasının (ADP) sonuncu qurultayından sonra partiyanın sədri Sərdar Cəlaloğlunun rəhbərliyi ilə çərşənbə axşamı İdarə Heyətinin ilk iclası keçirib. İclasda ölkədəki ictimai-siyasi vəziyyət, təşkilati məsələ və qurultaydan sonra partiya qarşısında duran vəzifələr müzakirə olunub.
Mətbuat nümayəndələrinin 12 iyunda keçirəcəyi mitinqdə ADP üzvlərinin iştirakı barədə qərar qəbul edilib.
Toplantıda qurultaydan sonra rəhbər orqanlarının formalaşdırılması məsələsi də müzakirə edilib. Partiyanın rəhbər orqanlarına təyinatların təsdiqi və Ali Məclisin rəhbər orqanlarının formalaşdırılması üçün iyunun 23-də ADP Ali Məclisinin ilk sessiyasının keçirilməsi barədə qərar qəbul edilib.
Sağ təmayüllü, müxalifətyönlü partiya olan ADP 1991-ci ildə Sərdar Cəlaloğlu tərəfindən təsis edilib. Bu ilin yanvarında ADP-nin hakimiyyətlə dialoq qurulması ilə bağlı yeni siyasi kursu qəbul edilib. Buna etiraz olaraq keçmiş sədr Rəsul Quliyev və tərəfdarları ADP-dən imtina edərək özlərinin Açıq Cəmiyyət Partiyasını yaradıblar.